Belə məsələlər siyasi rəhbərliyin iradəsinə uyğun şəkildə həll edilir- ÖZƏL

"Rusiya Xankəndində konsulluq açmaq niyyətində ola bilər, ancaq bu niyyət təktərəfli reallaşa bilməz. Çünki istənilən dövlət öz siyasi, diplomatik münasibətləri olan digər ölkədə hər hansı bir ərazidə diplomatik nümayəndəlik açmaq kimi planlar qura bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ancaq onu nəzərə almaq lazımdır ki, həmin planlar həm də siyasi, diplomatik təmsilçiliyin açılacağı ölkənin də maraqlarına cavab verməlidir və belə məsələlər ilk növbədə siyasi, diplomatik təmsilçiliyin açılması nəzərdə tutulan ölkənin siyasi rəhbərliyi tərəfindən həll edilir. Yəni siyasi rəhbərliyin iradəsinə uyğun şəkildə həll edilir. İndi Rusiyada belə bir niyyətdədir, ancaq bu məsələ birmənalı şəkildə rəsmi Bakının verəcəyi qərardan asılı olan məsələdir. Xüsusilə də rəsmi Bakının Qarabağ bölgəsində, o cümlədən Xankəndi şəhərində siyasi və diplomatik nümayəndəliklərin açılmasına hansı məntiqlə yanaşdığı çox böyük önəm daşıyır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, həmin ərazilər Xankəndi də daxil olmaqla Qarabağ bölgəsindəki ərazilərin bir çoxunda böyük qayıdış layihəsi üzrə insanların öz dədə-baba yurdlarına qayıtması prosesi aparılmaqdadır. O cümlədən Xankəndidə də hazırda Rusiyanın diplomatik nümayəndəlik və yaxud da daha dəqiq desək, baş konsulluq açmaqla Rusiyanın hansı hədəfləri reallaşdırmaq niyyətində olduğu bir az şübhəli məsələdir. Böyük ehtimalla Karasin bu açıqlamanı verməklə birbaşa Kremlin gələcəklə bağlı planlarını niyyətlərini ifadə etmiş olur. Ola bilər ki, Xankəndi şəhərində konsulluq açmaqla Rusiya Cənubi Qafqazdakı mövqelərinin hələ də möhkəm olduğu ilə bağlı bir mesaj vermək istəyir. Eyni zamanda ermənilərə də mesaj vermək niyyətinə düşmüş ola bilər ki, Xankəndidə Rusiya baş konsulluğu var. Əgər geri qayıtmaq istəsəniz, baş konsulluq bu prosesə nəzarət eləməyə hazırdır mesajını vermək niyyətinə düşmüş ola bilər. Ancaq rəsmi Bakının belə niyyətlərə müsbət yanaşacağına inanmıram. Çünki Xankəndi şəhəri hazırda və böyük ehtimalla gələcəkdə hər hansı bir xarici ölkənin diplomatik nümayəndəliklərinin açılması üçün uyğun məkan rolunu oynayacağı o qədər də inandırıcı görünmür. Böyük ehtimalla rəsmi Bakı da həmin şəhərdə diplomatik nümayəndəliklərin açılmasına müsbət yanaşmayacaq. Bildiyiniz kimi, Türkiyə Respublikası Azərbaycanın Şuşa şəhərində diplomatik baş konsulluq açmaq haqqında qərar verib və bu proses irəliləməkdədir. Rusiyada, Şuşada və yaxud da o, bölgəyə yaxın  Ağdam şəhərində konsulluq aça bilər və əgər o bölgədə hansısa bir fəaliyyətlə məşğul olacaqsa, həmin ərazilərdə bu prosesi davam etdirə bilər". 

Qiymət Mahir, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31