Bu Ermənistanın Qərbə doğru inteqrasiyası üçün əsas vasitələrdəndir- ÖZƏL
3 İyun 2024 21:52 Siyasət"Ermənistanın KTMT-ə üzvlüyünü dondurması onun Qərbə doğru inteqrasiyası üçün əsas vasitələrdəndir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Çünki belə bir söhbət var idi ki, üçtərəfli Brüssel görüşündə deyilirdi ki, Ermənistanın qarşısına konkret şəkildə tələb qoyulub ki, Ermənistan Qərbə doğru inteqrasiya etməsin. Eyni zamanda Rusiyanın orbitinə daxil olan təşkilatlarla da əlaqəni zəiflətsin. KTMT bunların başında gəlir. KTMT-ə üzvülüyünü dondurdu, maliyyələşməsini dayandırdı, iclaslarında iştirak etmir. Bu barədə bir çox dövlət rəsmisi təhdidlər yağdırır. Bunların içərisində ən maraqlısı Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovdur. Bu adam Rusiya üçün sıradan şəxs deyil. Uzun müddət Rusiyanın daxili işlər naziri, dövlət dumasının sədri olub və hazırki vahid Rusiya Partiyasını yaradanlardan biridir. Uzun müddət də həmin partiyanın sədri olub. Putin onu təqaüddə olduğu vaxtda Belarusa səfir göndərdi. İddialar var ki, Belarusun idarəetməsində də çox aktiv şəkildə iştirak edir. Kifayət qədər güclü şəxsdir. Onun Ermənistanı hədələməsi də olduqca maraqla qarşılanır. Ermənistanın düzgün etmədiyini bildirir. Biz Ermənistan və Rusiya arasındakı soyuqluğun nəticəsini yaxın gələcəkdə görəcəyik. Lakin hal-hazırda Ermənistanın Qərbin qarşısında üzərinə götürdüyü öhdəliklər var. Ermənistan Rusiyanın təşkilatlarından çıxmaqla bağlı addımlar atdıqda və Qərbə doğru yaxınlaşmağa başladıqda həmin söhbətlərin doğru olduğunu açıq-aydın müşahidə edə bilirik".