Ermənistan KTMT-dən de-yure çıxmağa qərar versə… ÖZƏL

"Ermənistanın Rusiyadan, həmçinin onun söz sahibi olduğu təşkilatlardan narazılığı əsasən, İkinci Qarabağ müharibəsinin və sonrakı məğlubiyyətlərin nəticələrinə görə artmağa başladı. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin məğlubiyyətinin məsuliyyətindən yaxa qurtarmaq və Qərbdəki havadarlarının direktivlərini yerinə yetirmək üçün Rusiyanı iddiham etməyə başladı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:

"Həmçinin ölkə daxilində də anti-Rusiya ab-havası yaradaraq bir növ əhali arasında Moskvaya qarşı təbliğat mühiti formalaşdırdı. Sanki İrəvanın hazırkı vəziyyətinin səbəbkarı Rusiyadır. Bununla da Ermənistanın faktiki olaraq siyasi mövqe dəyişdirməsinin təməli qoyuldu, Rusiyadan uzaqlaşmaq isə daxildəki narazılıqlar fonunda geniş vüsət aldı. 
2020-ci ildə yeni havadarlarının məsləhəti ilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da savaşa daxil etmək planları pozulan İrəvan təşkilatı oradan çıxa bilərik mesajları ilə "hədələdi" desək yanılmarıq. Guya KTMT-dən çıxmaq təşkilata üzv olan dövlətlərə, əsasən də Rusiyaya ağır zərbə olacaq və bu, Ermənistanın məğlubiyyətinə də bir cavabdır. Dediklərinə qismən də olsa əməl edən Ermənistan əvvəlcə KTMT-nin təlimlərinə qatılmadı, əvəzinə ABŞ-la hərbi hazırlıqlar təşkil edildi. Hətta təşkilatın iclaslarında da iştirakdan imtina etdi. Cari ilin fevralın sonunda N.Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı xəbərdarlıq da etdi. Bu da o anlama gəlir ki, Ermənistan KTMT-dən de-yure çıxmağa qərar versə, artıq öz təhlükəsizlik məsələlərini tam olaraq hansısa güclərə -ABŞ, Fransaya təhvil verməli olacaq. Əslində bu Rusiyanın, eyni zamanda, Ermənistanın da maraqlarına zidd addımlardır, həmçinin regiondakı sabitliyə də ciddi təhdiddir. Düşünərəm ki, iqtisadi asılılıqları və sərhəd təhlükəsizlik məsələləri baxımından Rusiyadan ciddi şəkildə asılı olan İrəvan bu yaxın zamanda Moskvanın təsir dairəsindən çıxmağı düşünmür. Ermənistan, sadəcə, Qərbdən daha çox fayda əldə etmək niyyəti ilə öz siyasət xəttini aparmağa məcburdur. Əks halda İrəvanın Rusiyaya mənfi münasibərlərinə görə hər hansı cəza tədbirləri görərdi.  
Maraqlı məqam isə Ermənistanın, sadəcə, Rusiyanın dominantlıq etdiyi hərbi təşkilatdan narazı qalması görüntüsünü yaratmasıdır. Çünki Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan son bir neçə ildə xeyli iqtisadi artım əldə edib. Bu səbəbdən də Ermənistan rəsmiləri hazırda Avrasiya İqtisadi Birliyinə üzvlüyün onlar üçün alternativi olmadığı qənaətindədirlər. Rusiyadan iqtisadi asılılığın isə qısa zaman kəsiyində aradan qaldırılması ehtimalları olduqca aşağıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31