Ermənistan NATO-ya, Qərbə can atır-Kazım Kazımov- ÖZƏL

"Ermənistanla KTMT arasında ilk ciddi fikir ayrılığı 44 günlük müharibə ərzində yaşanmışdır. Azərbaycan tamamilə öz, işğal altındakı torpaqları olan Qarabağda aktiv hərbi əməliyyatlar keçirdiyi zaman Nikol Paşinyan KTMT-dən Azərbaycana qarşı hərbi əməliyyat təşkil etmək istəmişdi. Lakin KTMT rəhbərliyi də, KTMT üzv ölkələr də bundan imtina etmişlər". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Hamı çox gözəl bilirdi ki, Azərbaycan əsla Ermənistanın suveren ərazilərinə hücum təşkil etmir. Tam əksinə, Azərbaycan sadəcə öz suveren torpaqları olan Qarabağ ərazisində hərbi əməliyyatlar keçirirdi və bu prosesin ardından artıq Ermənistanla KTMT arasında körpülər yandırılmağa başlamışdı. Antiterror əməliyyatları, ondan əvvəlki iyul, sentyabr döyüşləri zamanı da Ermənistan yenə KTMT-dən Azərbaycana qarşı əməliyyatlarda israrcı olmuşdur. Yenə eyni şəkildə, KTMT Ermənistanın bu haqsız tələblərini rədd etmişdi. Nikol Paşinyan burada qəribə bir siyasət həyata keçirdi. Əslində baxdığımızda Ermənistan çox yaxşı bilirdi ki, KTMT Azərbaycana qarşı hərbi əməliyyat keçirməyəcəkdir. Birincisi, KTMT-də bu gün Azərbaycanın münasibətlərinin yaxşı olduğu ölkələr var və digər tərəfdən hüquqi olaraq KTMT- nin Azərbaycana qarşı əməliyyat keçirmək haqqı yox idi, çünki Azərbaycan öz torpaqlarında əməliyyatlar keçirirdi. Nikol Paşinyan bəlkə də KTMT-dən ayrılmaq haqqında əvvəlcədən düşünürdü. Bu son proseslər də onun üçün bir bəhanə oldu. Biz çox yaxşı bilirik ki, Nikol Paşinyan bu gün Qərbdəki havadarları ilə iş görməkdədir və onlar çalışırlar ki, Ermənistan-Rusiya münasibətlərini pozsunlar. Ermənistan 30 il ərzində Rusiyadan asılı vəziyyətdə olmuşdu. Ermənistan ordusu demək olar ki, tamamilə Rusiya silahları ilə silahlandırılmışlardır. Bu gün Ermənistan ərazilərində hələ də Rusiyanın hərbi bazaları var. Ancaq Ermənistan NATO-ya Qərbə can atır. Birincisi, Ermənistanın NATO-ya alınmayacağını desək, yanılmarıq, çünki Ermənistan NATO-ya girəcək heç bir şansı yoxdur. NATO-ya girməsə belə fransız hərbi qüvvələri, ABŞ-nin hərbi qüvvələrini Cənubi Qafqaza çəkməyə çalışır. Yəni Ermənistan əslində Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurması təşkil etməyə çalışır desək, yenə yanılmarıq. Lakin bunu deməkdə fayda var ki, Ermənistanın Qərbi Cənubi Qafqaza çəkmək planları Ermənistan üçün heç də yaxşı nəsə vəd etmir, çünki biz bilirik ki, bu günə qədər Şərq və Qərb bloku Vyetnamda, Əfqanıstanda, Koreyada mübarizə aparmışdır. Onların mübarizəsi heç birinə  xeyir gətirməmişdir. Necə ki, 2008-ci ildə Gürcüstanda görmüşdük, bu gün Ukraynada gördük. Yəni Nikol Paşinyan Qərbi bura aktiv şəkildə cəlb etməklə öz ölkəsini təhlükə altına alır. KTMT-nin vəziyyətinə gəldikdə, Ermənistan KTMT də ən gücsüz ölkədir desək, yenə yanılmarıq. KTMT-də Ermənistanın olub olmamağı, KTMT üçün bir struktur dəyişikliyinə, güc itirməsinə səbəb olmayacaq. Təbii ki, Cənubi Qafqazdakı yeganə üzvünü itirmiş olacaqdır. Lakin Ermənistan tam olaraq KTMT dən çəkiləcəkmi, buna Ermənistandakı Rusiyaya yaxın qüvvələrin münasibəti nə olacaq? Bunu da gələcək göstərəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31