“Xarici İşlər Nazirliyi Rusiyaya NOTA versin”-Deputat

"Dünən Moskvada "Lazerev klubu" adı altında erməni-rus millətçiləri tərəfindən beynəlxalq konfrans təşkil edilib və həmin konfransda dumanın komitə sədrinin müavini, hakim partiyanın üzvü Zatulin 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannamasinə tam zidd olaraq Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan, sepratizmi və revanşizmi qızışdıran bəyanatla çıxış edib". Olaylar xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili "baxmayaraq ki, həmin sazişə əsasən tərəflər separatizmə qarşı birgə mübarizəyə dair öz üzərlərinə öhdəlik götürüblər: "Görünür, qana susamış bu adam üçün tökülən qanlar yetərli deyil və Moskva Bəyannaməsinin dəyəri onun üçün sazişin imzalandığı kağızın dəyəri qədər də deyil. O, bir qrup revanşist separatçını başına yığaraq Azərbaycan əleyhinə kampaniya təşkil edib və yığıncaqda bəyan edib ki, Qarabağda erməni xalqının öz müqəddəratını təyin etmək hüququ zorakılığa məruz qalıb. Ona görə təklif editrəm, Xarici İşlər Nazirliyi Rusiyaya NOTA versin, bu cür məsuliyyətsiz və Rusiya-Azərbaycan  münasibətlərinə ziyan vuran elementlərin təxribatçı fəaliyyətinə son qoyulmasını tələb etsin".   

Millət vəkili həmçinin digər məsələlərə də toxunub: "Başqa bir vacib məsələ - bu da hökumətin birbaşa fəaliyyəti ilə bağlı məsələdir. 2-3 gün bundan öncə türkiyəli millət vəkili Ömər Faruk Gergerlioğlu çıxış edərək bəyan edib ki, Azərbaycan polisi Türkiyə vətəndaşlarının hüquqlarını Azərbaycanda pozur və Azərbaycan yetkililəri buna cavab verməlidirlər. Araşdırma aparmadan, bir nəfərin şikayəti əsasında belə ciddi ittihamla çıxış etmək bizim qardaşlıq münasibətlərinə sığmır. Qanunçuluğun keşiyində dayanan polisin imici dövlətin imicidir. Hazırda Azərbaycana qarşı düşmənçilik edən bəzi qərb dairələrinin əlində oyuncağa çevrilmiş insanlar bundan istifadə edib, sosial şəbəkələrdə ölkəmizin əleyhinə böyük bir kampaniya başladıblar. Bu cür çıxışlarla polisin, dövlətin beynəlxalq imicini korlamaqla ölkəyə investisiya qoyuluşunun qarşısını alırlar. Daxili işlər naziri azsaylı nazirlərdəndir ki, deputatların müraciətlərini şəxsi nəzarətə götürür və şəxsən cavab verir. Ömər Faruk maraqlansaydı və xoşniyyətli olsaydı əsil həqiqəti üzə çıxara bilərdi. Çox təəssüf ki, o da Azərbaycana qarşı belə bir çirkin kampaniyaya qoşulub. Türkiyədə azərbaycanlıların hüquqları pozulmur? Naxçıvandan  bir tikə çörək dalınca Türkiyəyə pənah aparmış vətəndzşlarımızın qul kimi istismar olunmasına dair faktlar var. Xəstəxanalarda, ictimai iaşə obyektlərində, təhsildə vətəndaşlarımız ağlasığmaz dərəcədə aldadılır. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin rəhbərliyi ilə əlaqə saxlamalı, belə fəaliyyətin pislənməsinə nail olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31