Ermənistanda revanşistlər kifayət qədər çoxdur- ÖZƏL
31 May 2024 11:03 Siyasət"Torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması tariximizin Zəfər səhifələri kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Xocalı sakinləri ilə görüşündə də Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünə yönəldərək bildirdi ki, ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Müzəffər Ali Baş Komandan bu çağırışı etdi ki, biz hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik".