Ermənistanın mina terroru soydaşlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının qarşısında ən böyük əngəldir- ÖZƏL

"Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda keçirilən beynəlxalq konfransa 75 ölkədən 300-dən çox nümayəndənin qatılması ölkəmizin üzləşdiyi mina terroruna beynəlxalq diqqəti cəlb edə bildiyinin göstəricisidir".

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkələrində insan təhlükəsizliyini təhdid edən ən vacib problemlərdən biri olaraq almaqda davam edir. Müharibələr bitdikdən uzun illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar həm də sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə ciddi şəkildə mane olur.
Bu baxımdan Ermənistan tərəfindən həyata keçirilən mina terroru da bəşəri cinayət olmaqla bərabər həm də soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura qayıdışının qarşısında ən böyük əngəldir. Bu gün ölkəmiz 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
İşğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda, saysız-hesabsız heyvan və bitki növlərinin olduğu ərazilərin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və digər partlayıcı qalıqlarla ciddi şəkildə çirklənməsi artıq beynəlxalq səviyyədə də qəbul olunur. 
Bununla yanaşı 30 illik işğalı dövründə Ermənistanın ərazilərimizdə məqsədli şəkildə minalar yerləşdirməsi həm hərbçilərimiz, həm də mülki vətəndaşlarımız arasında çox sayda itkiyə səbəb olmuşdur. Cənab Prezidentin konfrans iştirakçılarına ünvanladığı məktubda da qeyd olunduğu kimi müharibənin başa çatmasından keçən dövr ərzində əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. 
Şübhəsiz ki, mina qurbanlarının sayının hər keçən gün artmasının ən başlıca səbəbi Ermənistanın ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə belə minalar yerləşdirməsidir. Hətta müharibə başa çatdıqdan sonra belə 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, ərazilərimizə yenidən minalar basdırılmışdır. 
Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda yanaşı, həm də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
Önəmli məqamlardan biri də ondan ibarətdir ki, ölkəmiz minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Prezidentin də qeyd etdiyi kimi minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir.
Odur ki, ölkəmizdə artıq üçüncü dəfədir ki, keçirilən mina konfransı beynəlxalq dəstəyin əldə olunması və Ermənistanın mina terrorunun qınanması baxımından olduqca önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31