Avropa Parlamenti kifayət qədər ziddiyyətli qurumdur-Zeynal Əmrəliyev- ÖZƏL
30 May 2024 18:14 Siyasət"Rüşvət məsələsi, ümumiyyətlə, Avropa Parlamentində çox geniş yayılmış məsələdir. Dəfələrlə Avropa Parlamentinin üzvlərinin, hətta Avropa İttifaqına daxil olan ölkələrin parlamentarilərinin rüşvət qalmaqalları böyük skandala səbəb olub".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Həmin şəxslərlə bağlı da kütləvi şəkildə korrupsiya faktları üzə çıxıb. Onların mühakimə edilməsi istiqamətində addımlar atılıb və indi də Belçika polisinin başlatdığı rus agenti işi ilə bağlı məsələ kifayət qədər ciddi ittihamlardır. İddia olunur ki, Avropanın siyasi saytı vasitəsilə məhz Rusiyanın təbliğatını aparmaq üçün rüşvət və korrupsiya skandalı baş verib. Yəni Rusiyanın təbliğatını aparmaq üçün həmin deputatların Rusiyadan rüşvət aldıqları iddia olunur və bununla bağlı cinayət işi açılıb. Bu, kifayət qədər ciddi bir məsələdir və araşdırılmalı olan bir məsələdir və araşdırılır da.
Belə çıxır ki, Avropa Parlamentinə daxil olan üzvlər müxtəlif ölkələrdən maliyyə qarşılığında onların təbliğatını aparmaq, yəni ədalətsiz formada onları təbliğ etmək üçün öz maddi qazanclarından istifadə ediblər. Biz Azərbaycan olaraq dəfələrlə bu məsələyə münasibət bildirmişdik ki, Avropa Parlamenti qərəzli şəkildə hərəkət edir. Azərbaycana qarşı obyektiv deyil. Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr, layihələrdə erməni diasporunun maddi dəstəyi hesabına edir. Yəni erməni diasporundan rüşvət alır. Buna görə Azərbaycanı əsassız olaraq ittiham edir, yoxsa bu, Avropa Şurası Parlament Assambleyasına daxil olan deputatların nəyinə lazımdır ki? Xüsusilə Azərbaycan torpaqları işğaldan azad olunandan sonra bu qədər Azərbaycanın üstünə gedirlər? Onlar erməni diasporundan əldə etdikləri pullara görə bu qədər canfəşanlıq edirlər. Onlarla bağlı cinayət işi açılsa kifayət qədər məsələlər üzə çıxacaq. AŞPA-nın deputatı olan, AŞPA-da təmsil olunan bir çox şəxslərin əksəriyyəti erməni diasporunun dəyirmanından un götürənlərdir, yəni onların maliyyə dəstəyi ilə hərəkət edən insanlardır. Buna görə də Avropa Parlamenti kifayət qədər ziddiyyətli qurumdur. Həmin parlamentdə təmsil olunanların bir çoxu rüşvətə, korrupsiyaya bulaşmış şəxslərdir və öz ölkələri tərəfindən də ifşa edilirlər. Sabah, o biri gün bu əməliyyat geniş şəkildə, geniş çərçivədə kifayət qədər ciddi məlumatlar üzə çıxacaq və biz onsuz da Azərbaycan tərəfi olaraq bunu bilirdik. Bizim üçün bu məsələ heç də qəti şəkildə təəccüblü deyil. Bəli, Avropa Parlamentində bu kimi hadisələr geniş yayılıb, davam edir və dəqiq şəkildə araşdırma araşdırılma aparılsa, çox gözəl, yeni faktlar üzə çıxacaq".