Azərbaycan müasir dünyada mina terrorundan ən çox zərər çəkən ölkədir-Elçin Xalidbəyli- ÖZƏL
30 May 2024 17:28 Siyasət"Azərbaycanın mina konfranslarının keçirilməsində avanqard rol oynaması tamamilə başadüşüləndir. Çünki Azərbaycan bu gün müasir dünyada mina terrorundan ən çox zərər çəkən ölkədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı dövr ərzində həddindən artıq böyük əraziləri minalarla çirkləndirib və indi illərlə zaman lazımdır ki, Azərbaycan minaları təmizləyib, ərazilərin istifadəsi üçün uyğun şərait yarada bilsin. Üstəlik, 2020-ci ilin müharibəsindən sonra Azərbaycan davamlı olaraq mina terroru ilə üzləşməkdə davam edir. Bunu Ermənistanın Azərbaycanla müharibəni mina terroru üzərindən davam etdirməsi kimi də təqdim etmək olar. Çünki son məlumatlara görə, İkinci Qarabağ savaşından sonra Azərbaycan minaların partlaması ucbatından 361 nəfər itirib. Erməni terrorçularının basdırdığı minaların partlamasına görə Azərbaycan yüzlərlə insan itirib. Eyni zamanda minlərlə insan da müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ona görə də Azərbaycanın bu qlobal problemin beynəlxalq müzakirəsində avanqard rolunu oynaması tamamilə normal haldır. Azərbaycan bu məsələləri davamlı konfranslar, tədbirlər, beynəlxalq müzakirələr təşkil etməklə bütün dünyanın diqqətinə çatdırmaqda doğru addımlar atır. Çünki bütün dünyaya özünü məzlum və əzabkeş göstərən erməni terrorçuların əslində iç üzünün əsl sifətinin açılması, maskasının yırtılması üçün bu məsələlər böyük önəm daşıyır. Bütün dünya bilməlidir ki, Ermənistan Azərbaycanın ərazisini minalarla çirkləndirib və hər gün həmin minaların partlaması ucbatından günahsız insanlar zərər çəkir, həyatını itirir, bədən xəsarəti alır. Ona görə də Azərbaycanın minalarla bağlı konfrans keçirilməsini yalnız alqışlamaq olar və bunun daha da intensivləşdiriləcəyinə ümid bəsləmək daha doğrudur".