III Beynəlxalq Minatəmizləmə Konfransının işə başlamasının Azərbaycan üçün önəmi-Əli Zülfüqaroğlu- ÖZƏL
30 May 2024 17:16 Siyasət"Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransının işə başlaması Azərbaycan üçün çox önəmli hadisədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib:
"Azərbaycan torpaqları 30 il Ermənistan tərəfindən işğal altında qaldığı müddətdə minalarla çirklənib və bu gün də həmin minaların partlaması nəticəsində Azərbaycan vətəndaşları həyatlarını itirir, qurbana çevirirlər. Azərbaycan tərəfi dəfələrlə istər beynəlxalq müstəvidə, istərsə də Ermənistanla ikili görüşlərdə mina xəritələrinin Azərbaycana verilməsini tələb etsə də, Ermənistan tərəfi bundan boyun qaçırıb. Hətta Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin heç 20%-ə çatmadığı bəlli olub. Bilərəkdən, yanlış və reallığı özündə əks etdirməyən xəritələr verilib. Əslində, Ermənistan tərəfi bu xəritələri Azərbaycana verməklə sülh prosesində pozitiv meyillərin güclənməsinə şərait yarada bilər. Görünən odur ki, Ermənistan bundan boyun qaçırmaqla, əslində, sülh prosesinin daha effektiv davam etdirilməsinə də əngəl yaradır. Eyni zamanda beynəlxalq öhdəlikləri var və Ermənistan da bu beynəlxalq öhdəlikləri üzərinə götürmüş bir dövlət olaraq onlara əməl etməlidir. Xüsusilə qəbul olunmuş beynəlxalq konvensiyalar və BMT-nin minalarla bağlı qəbul etdiyi qərarda göstərilir ki, əgər münaqişə başa çatıbsa, o zaman tərəflər xəritələri bir-birinə təqdim etməlidirlər. Ermənistan tərəfi də Azərbaycan torpaqlarını işğalda saxlayıb və Azərbaycan ərazilərində minalar basdırıb. Müharibə başa çatdığına görə Ermənistan onu təhvil verməyə borcludur. Ermənistan təbii ki, bunu verməkdən boyun qaçırır. Eyni zamanda biz Ermənistana beynəlxalq təzyiq göstərilmədiyinin də şahidi oluruq. Bu da onu deməyə əsas verir ki, əslində müxtəlif dövlətlər bu xəritələrin Azərbaycana verilməsinə qarşıdırlar. Çünki belə olacağı halda bu, sülh prosesinə müsbət təsir edə bilər və bizə də məlumdur ki, Fransa başda olmaqla müxtəlif Qərb dövlətləri əslində sülh prosesinin uğurla aparılmasına qarşı çıxış edirlər. Bu səbəbdən də beynəlxalq konvensiyaların icra olunmamasına, yəni Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə görə beynəlxalq təzyiqin olmamasının səbəbi burada aydın olur. Ona görə də düşünürəm ki, bu tipli məsələlərin geniş şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda, maarifləndirmə və digər aspektdən məsələyə baxdıqda bu tədbirin Azərbaycan üçün, eyni zamanda bölgə dövlətləri üçün kifayət qədər önəm daşıdığını söyləyə bilərik".