Azərbaycan bu problemdən əziyyət çəkən ölkələrlə birlikdə hərəkət etmək təşəbbüsünü göstərir-Zeynal Əmrəliyev- ÖZƏL

"Azərbaycanın minalanmadan əziyyət çəkən ölkə kimi belə bir təşəbbüslə çıxış etməsi, minalanma əleyhinə konfrans təşkil etməsi təbii ki, mütərəqqi bir hadisədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Azərbaycan artıq vəziyyəti başa düşür. Buna görə də digər ölkələrdə ölkəmiz mina əleyhinə minalı ərazilərin təmizlənməsi istiqamətində addımlar atır. Bu halın baş verdiyi digər ölkələrin də Azərbaycanın təcrübəsindən yararlanmasına çalışırıq və bu, Azərbaycan dövlətinin dünyada humanizmə necə böyük bir dəstək verdiyinin əyani sübutudur. Azərbaycan bu problemdən əziyyət çəkən ölkələrlə birlikdə hərəkət etmək təşəbbüsünü göstərir. Buna görə də mütəmadi olaraq Bakı şəhərində mina əleyhinə konfranslar təşkil edilir. Bu konfranslar dünyada əsas olan humanitar tədbirlərin bir hissəsidir. Azərbaycan bundan əvvəl də müxtəlif problemlərə həsr olunmuş konfranslar keçirirdi. Ekoloji problem dünyanı ən çox narahat edən problemlərdən biridir. Bəşəriyyət yaranandan bu yana bu məsələ problemdir. Ekoloji problemlərin həllinə çalışan COP29 tədbiri nəzərdə tutulub ki, bu tədbir çox böyük, mütərəqqi dünya əhəmiyyətli bir tədbirdir. Azərbaycan bu tədbirə ev sahibliyi və təşkilatçılıq etməyi öz üzərinə götürüb. Həmçinin digər sahələrdə də Azərbaycanın uğurlu, humanitar fəaliyyəti var və hal-hazırda minalanmış əraziləri Azərbaycan dövləti demək olar ki, təkbaşına təmizləyir. ANAMA həmin ərazilərdə çox güclü şəkildə fəaliyyət göstərir. Çox təəssüflər olsun ki, müharibədən sonra Azərbaycanın xeyli sayda bizim vətəndaşı mina terroruna məruz qalıb. Dövlət başçısı İlham Əliyev də bu barədə açıqlama verdi. Həmin ərazilər kütləvi şəkildə minalanmışdı, mina terroruna məruz qalan soydaşlarımız var. 300 nəfərdən yuxarı saydan bəhs olunur ki, Azərbaycan vətəndaşları müharibədən sonra mina terroruna məruz qalıb. Bu insanlar öz yurdlarına qayıtmaq istəyirlər. Müxtəlif istiqamətlərdən qeyri-qanuni şəkildə hərəkət edirlər. Əksəriyyət də həmin zaman minalanmış ərazilərdə minalara düşürlər. Bu, çox təəssüfləndirici hadisədir. Yaxşı olar ki, vətəndaşlarımız da dövlətin qoyduğu tələblərə riayət etsin və başa düşsünlər ki, Azərbaycan dövlətinin missiyası, əsas qayəsi məhz onların sağlamlığını, həyat təhlükəsizliyini qorumaqdır. Yalnız və yalnız dövlətin müəyyən etdiyi marşrut üzrə işğaldan azad edilmiş əraziləri ziyarət etmələrini tövsiyə edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31