Bu hadisə azərbaycanlıların tarixi yaddaşında əbədi həkk olunub-Sultan Zahidov- ÖZƏL

"Ölkə başçısı Prezident İlham Əliyev ötən gün Xocalıda olarkən çıxış etmişdir və bu çıxışında Xocalıda törədilən vəhşiliklərlə bağlı Ermənistanın üzr istəməli, cinayəti tanımalı olduğunu vurğulamışdır. Reallıq bundan ibarətdir ki, Xocalı soyqırımı XX əsrin ikinci yarısında törədilmiş ən dəhşətli hadisələrdən biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov qeyd edib:

"Bunu biz hətta 1995-ci ildə Bosniyada baş vermiş Serebrenitsa qətliamı ilə müqayisə edə bilərik. Xocalı qətliamı onun göstəricisidir ki, həmin vaxt Ermənistan işğalçıları bilərəkdən və planlı şəkildə Azərbaycana qarşı təmizləmə siyasəti həyata keçirmiş və bütün azərbaycanlıları dədə-baba torpaqlarından çıxararaq, qətl edərək Azərbaycanın maddi, mənəvi mirasını talan edərək həmin regionu- Qarabağ və ətrafyamı ərazilərini özününküləşdirmək istəmişlər. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi, ondan sonra 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixi ədalət bərpa olundu. Azərbaycan öz ərazilərini tam şəkildə geri aldı, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün Xocalı Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Amma sözsüz ki, bu o demək deyil ki, Ermənistanın törətdikləri unudulacaqdır. Bunlar heç bir zaman unudulmayacaqdır və bu hadisə azərbaycanlıların tarixi yaddaşında əbədi həkk olunub. Bütün bunların fonunda nəzərə alsaq ki, indi Azərbaycan Ermənistan arasında normallaşma prosesi gedir, mən düşünürəm ki, Ermənistanın bu qətliamı etiraf etməsi, üzr istəməsi və əgər bu baş verərsə, cinayətlə bağlı əliqanlı şəxslərin cəzalandırılması tarixi ədalətin tam şəkildə bərpa olunması demək olar. Həmin şəxslərin bəziləri hal hazırda DTX-nın istintaq təcridxanasında olsa da, bəziləri hələ də Ermənistanda sərbəst şəkildə həyatlarına davam edirlər. Bunlara-Robert Koçaryan olsun, Serj Sarkisyan olsun, Sehran Ohanyan olsun və digərləri aiddir. Bütün bu şəxslər Ermənistan tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinə təhvil verilməli və onlar haqqında lazımi qərarlar və hökmlər çıxarılmalıdır. Necə ki, Yuqoslaviya müharibələrindən sonra əliqanlı olan şəxslər  Haqadakı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən onlara qarşı ittiham irəli sürüldü, onlara qarşı hökm irəli sürüldü. Eynilə də bu şəxslərlə bağlı müvafiq addımlar atılmalıdır. Amma bunun üçün isə ilk növbədə Ermənistan hazırkı rəhbərliyi bunu etiraf etməlidir və bunu məsuliyyəti öz üzərinə götürməlidir. Mən düşünürəm ki, normallaşma prosesinə müsbət töhfə verər və Ermənistanın həqiqətən də sülh istəyində olmasını sübut edən amillərdən biri olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31