Minaların vurduğu ziyanlara yaxından bələd olan bir ölkə olaraq Azərbaycanın təşəbbüsləri qiymətlidir - ÖZƏL

"Ərazilərimizin minalardan təmizlənməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Nə qədər çətin olsa da, Azərbaycan bu prosesi aparır. Bu, çox böyük resursların sərf olunması hesabına başa gəlir. Azərbaycan həm işğaldan azad olunmuş torpaqlarını bərpa etməlidir, şəhərlərini, kəndlərini tikməlidir, həm də ermənilərin basdırdığı və bu günə qədər xəritələrini vermədiyi minaların zərərsizləşdirilməsi ilə məşğul olmalı və buna milyonlarla vəsait sərf etməlidir. Həm də, təəssüflər ki, dünya ölkələri Azərbaycanın dostlarını çıxmaq şərti ilə bu məsələdə ölkəmizə hələ də dəstək verməməkdə davam edirlər ki, bu da öz mahiyyətinə görə minaları basdıran cinayətkar Ermənistanla əslində eyni sırada dayanmaqdan başqa bir şey deyil.
Azərbaycan minalardan dünyanın ən çox çirklənmiş ölkələrindən biridir. Bizim böyük miqdarda yararlı əkin sahələrimiz minanın altındadır. Sahələrin minalardan təmizlənmədiyinə görə, bu torpaqları kənd təsərrüfatı və istifadə üçün yararlı hala gətirmək, praktik şəkildə mümkünsüz olub. Minaların təsirindən İndiyə qədər yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb, həyatını itirib. Bu çox böyük bir humanitar faciə mənbəyidir. Ona görə də Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün həm fədakarcasına öz gücünü, imkanlarını sərf edir, həm dünyanın bu prosesə cəlb olunması üçün gərəkən addımları atır, həm də dünyanın minalardan çirklənmiş digər ölkələrinin möhkəm həmrəyliyinə nail olmaq üçün təşəbbüskar fəaliyyətini davam etdir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti minalardan çirklənmiş ölkələrin ayrıca bir həmrəylik qrupunun yaradılması təşəbbüsü ilə hələ aylar öncə çıxış edib. Bu, çox qiymətli bir təşəbbüsdür. Necə ki, qoşulmayan ölkələr hərəkatı var, necə ki, öz müstəqillik uğrunda mübarizə aparan kiçik ada dövlətlərinin fəaliyyətinə Azərbaycana dəstək və ilham verir, eləcə də Azərbaycan prezidentinin bu təşəbbüsü, minalardan çirklənmiş ölkələrin fəal əməkdaşlıq qrupunun yaradılmasına doğru böyük bir prosesi açıb və daha da dərinləşdirəcək.
Eyni zamanda, Azərbaycan Prezidenti 2030-cu ilə qədər dünyanın əsas inkişaf məqsədləri sırasında ərazilərin minalardan təmizlənməsinin 18-ci istiqamət kimi qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Bu da çox vacibdir, çox əhəmiyyətlidir. Çünki dünyanın 17 əsas istiqamət, əsas inkişaf istiqamətləri arasında ərazilərin minalardan təmizlənməsi qəbul olunsa, təbii ki, olunmalıdır, bu olsa, bəşəriyyətin təhlükəsiz və sülh içində yaşamasına çox böyük töhfə olacaq. Ona görə ərazilərin minalardan çirklənməsi və minaların vurduğu ziyanlara yaxından bələd olan bir ölkə olaraq Azərbaycanın qaldırdığı təşəbbüslər qiymətlidir. Bunlar həm bizim ölkəmizin minalardan təmizlənmə prosesinə öz müsbət təsirini göstərir, həm də dünyada minalardan çirklənmiş, minalardan əziyyət çəkən ölkələrin həmrəylik hərəkatının yaradılması və daha da inkişaf etməsinə öz töhfəsini, təsirini göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31