“Böyük Qayıdış” proqramının Xocalı səhifəsi yazılır”
31 May 2024 16:11 Siyasətİstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Soydaşlarımızın geri dönüşü üçün yeni kəndlər salınır
Ölkədə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası müvəffəqiyyətlə davam edilməkdədir. Dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, yeni-yeni yaşayış məntəqələri salınır. Ümumilikdə məcburi köçkünlərin daimi məskunlaşdırılması və iqtisadi fəaliyyətə inteqrasiyası məqsədilə bütün infrastrukturlar yaradılır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Birmənalı şəkildə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində aparılan vüsətli bərpa-quruculuq işlərinin ölkəmizdə təchizat zəncirinin coğrafiyasını, logistika imkanlarını daha da genişləndirilir. Tezliklə gerçəkləşəyinə böyük ümid bəslənilən "Zəngəzur dəhlizi"nin bu prosesin inkişafına mühüm təsir göstərəcəyi də heç şübhə doğurmur.
Artıq soydaşlarımızın Şuşa, Xocalı, Laçın, Ağdama qayıdışı təmin olunur. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xocalı sakinləri öz doğma yurdlarını dönüş ediblər. Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də sakinlərlə görüşərək Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Məlum olub ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.
Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bildirib ki, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır: "Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə".
Xocalı şəhərinə növbəti köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanının bu mərhələsində Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Məlumat üçün qeyd edək ki, "Böyük Qayıdış" Dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə quruculuq işləri aparılır. Yaşamaq üçün infrastruktur yaradılmış rayon və kəndlərimizə sakinlərin geri dönüşü təmin edilir. Elə mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan Şuşaya yola salınan növbəti köç karvanı artıq mənzil başına çatıb. Bu mərhələdə şəhərə köçürülən 136 nəfərdən ibarət 38 ailəyə mənzillərin açarları təqdim edilib. Ardınca, konkret olaraq mayın 25-də də Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə şəhərə köçürülən 125 nəfərdən ibarət 32 ailəyə mənzillərin açarları təqdim edilib. Yeri gəlmişkən qeyd edək ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 90 ailə (349 nəfər) mənzillə təmin edilib.
Bundan başqa, mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 39 ailə - 140 nəfər köçürülüb. Doğma yurda qayıtmış ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən, müvafiq qaydada, onlara verilən evlərdə yerləşdirliblər. Sus kəndi, dövlət başçısının tapşırğı əsasında, tamailə yenidən tikilib və zəruri infrastrukturla təchiz edilib.İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) mənzillə təmin edilib.
Qeyd edək ki, "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində görülən işlər nəticəsində içğaldan azad olunmuş ərazilərimizə ardıcıl olaraq sakinlərin köçürülməsi təmin ediləvək. Artıq bu məqsədlə yeni rayon və kəndlərimizin təməli qoyulub. Belə ki, Prezident İlham Əliyev mayın 28-də Ağdam rayonunun Şotlanlı kəndinin təməlini qoyub. Məlumat üçün qeyd edək ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.
Prezidenti İlham Əliyev həmçinin mayın 28-də Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub. kəndin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.
Dövlət başçısı mayın 28-də Ağdam rayonunun Güllücə kəndinin də təməlini qoyub. Layihəyə əsasən kəndin ərazisi 388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq. Burada, həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça istehsalı sahəsi, işçi geyimlərinin istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi, dulusçuluq və suvenir istehsalı emalatxanası, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə olunan elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.
Prezident İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub. Kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək. Göründüyü kimi "Böyük Qayıdış" Dövlət Proqramı müvəffəqiyyətlə icra olunmaqdadır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.