Ermənistanın indiki hakimiyyəti Xocalıda törədilmiş cinayətin məsuliyyətini etiraf etməlidir - ÖZƏL

"Xocalıda bərpa işlərinin görülməsi və prezidentin Xocalıya səfəri sözsüz ki, əhəmiyyətli hadisədir. Çünki Xocalı Azərbaycan üçün xüsusi bir önəm kəsb edən bölgə olub". 
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Təsadüfi deyil ki, ermənilər 1990-cı illərin əvvəllərində Xocalıya xüsusi bir maraq göstərirdilər və Xocalının coğrafi mövqeyi ermənilər üçün həmişə strateji əhəmiyyət kəsb etdiyinə görə bu şəhərin vəhşilik ilə müşayiət olunan əməliyyat nəticəsində ələ keçirilməsinə belə getdilər. Bu, Ermənistanın həm vəhşi siyasətindən xəbər verirdi, həm də Xocalının onlar üçün böyük strateji əhəmiyyət daşımasından xəbər verirdi. 
Azərbaycan prezidentinin Xocalıda çıxışı, Xocalıda etdiyi müraciət, verdiyi mesajlar həm Xocalının özünün önəmini bir daha nümayiş etdirir, həm də Xocalının quruculuq, bərpa işlərinin Azərbaycan üçün çox böyük önəm daşıdığını sübut edir. Xocalıda soyqırım muzeyinin ,Xocalıda memorial kompleksinin əsasının qoyulması bir daha dünyaya mesajdır ki, Azərbaycan Xocalı faciəsini heç vaxt unutmayacaq, Xocalıda cinayət törətmiş insanların ədalət məhkəməsi qarşısında mühakimə olmasına nail olmaq üçün hər şeyi edəcək. 
Prezidentin dilindən çıxan bu sözlər çox maraqlı bir mesaj idi ki, Ermənistanın indiki hakimiyyəti Qarabağda, xüsusilə də Xocalıda törədilmiş cinayətin məsuliyyətini etiraf etməlidir. Bu cinayətə görə Azərbaycan xalqından üzr istəməlidir. Çünki İstəniləcək bu üzr Ermənistan dövlətinin bölgədə daha təhlükəsiz və sabit inkişafı üçün yeni bir şərait aça bilər. Ona görə ki, Ermənistan əgər indiyə qədər törətdiyi insanlıq əleyhinə və hərbi cinayətlərə görə məsuliyyət daşıdığını etiraf etmirsə, təbii ki, Ermənistanın bu bölgədə təhlükəsiz mövcud olması və yaşaması mümkün olmayacaq. Həm də Azərbaycan prezidentinin verdiyi bu mesaj o nöqteyi nəzərdən əhəmiyyətlidir ki, indiki Paşinyan hakimiyyətinin Xocalı soyqırımının və cinayətinin törədilməsində birbaşa əli olmadığına görə bunu tanımaq, etiraf etmək, onlar üçün o qədər də çətin deyil. Eyni zamanda bütün Ermənistan dövlətinin, erməni cəmiyyətinin, Azərbaycana qarşı Xocalıda törədilmiş unudulmaz faciələr üçün günahları, məsuliyyəti bir qədər təmizlənmiş olar. Ona görə də Xocalıda görülən işlər, xocalıların ora qayıdışı daha da yaxşılaşması üçün əhəmiyyət kəsb edir. Eyni zamanda, Xocalı faciəsinin dünyada tanıdılması yönündə proseslərə əhəmiyyətli təsir göstərəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31