Ermənistanın basdırdığı minalar insanlıq əleyhinə cinayətin də göstəricisidir- ÖZƏL

"Ümumiyyətlə, mina terroru dünyanın ən ciddi, təhlükəli məsələlərindən biridir. Ermənistanın uzun illər ərzində Azərbaycan əleyhinə həyata keçirdiyi çoxvektorlu dövlət cinayətlərinin içərisində mina terroru da xüsusi yer alır". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"2020-ci ilin üzərindən dörd ilə yaxın bir müddət keçib və bu müddət ərzində 360-dan çox Azərbaycan vətəndaşı bu və ya digər formada müxtəlif şəkildə Ermənistanın mina terrorunun qurbanına çevrilmişdir. Eyni zamanda, Ermənistanın quraşdırdığı minalar insanlıq əleyhinə cinayətin də göstəricisidir. Çünki bəzən ikiqatlı, üçqatlı minalardan istifadə edilib ki, bunlar da həmin o mina ilə təmasa keçən insanların daha dağıdıcı və sarsıdıcı zərbələr almasına səbəb olur. Artıq Azərbaycan qlobal bir çox humanitar məsələlərin təşəbbüskarı  kimi mina terroru ilə bağlı məsələdə də aktiv mübarizə aparan dövlətlərdən biri halına gəlib. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təşəbbüsü ilə üçüncü dəfədir minalanmaya qarşı mübarizə ilə bağlı konfrans keçirilir və Azərbaycan dünyada ən çox minadan əziyyət çəkən ölkələrdən biridir. İşğaldan azad edilən bölgələrdə Azərbaycan mina təmizlənməsi prosesinə həm çoxlu vəsait xərcləyir, həm də eyni zamanda, bu, çox vaxt aparan bir məsələdir. Amma Ermənistanın vaxtında mina xəritələrini verməməsi və yaxud da ümumiyyətlə, verdiyi mina xəritələrinin saxta olması növbəti dəfə bu mina terroru kimi insanlıqdankənar addımların bir dövlətin dövlət siyasəti halına gəlməyinə beynəlxalq aləmin susqunluğunun nə qədər acı nəticələr doğurduğunu ortaya qoyur. Ancaq eyni zamanda, həm də nəzərə almaq lazımdır ki, bu mina əleyhinə konfrans Zəngilanda və Zəngilan məscidinin həndəvərində Zəngilanda yenidən qurulmuş həyat şəraiti fonunda baş verir ki, konfransda iştirak edən xarici qonaqlar da həm Azərbaycanın məruz qaldığı mina terrorunun gerçəklikləri ilə rastlaşırlar, həm də eyni zamanda Zəngilandakı  abadlıq, quruculuq işlərini görürlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31