Avropa Parlamentinin fəaliyyət prinsipi-“pulunu ver, şəklini çəkdir”

Beynəlxalq təşkilatların tarixi və əzəli Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğal altında saxlanmasına göz yumması, sən demə, səbəbsiz deyilmiş. Sözdə beynəlxalq hüquq, ədalət, separatizmə qarşı amansız mübarizə kimi ifadələri tez-tez işlədən "nüfuzlu" beynəlxalq təşkiatlarda təmsil olunan şəxslər əslində mövcud münaqişələrdən sui-istifadə edərək tuluqlarını doldurmaqla məşğul olublar. Açıq şəkildə qeyd edilməlidir ki, BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməyən, beynəlxalq hüququn tələblərinə məhəl qoymayan və  Ermənistanın korrupsioner havadarlarına çevrilən bəzi  Avropa parlamentariləri böyük həcmli rüşvət müqabilində elə böyük işlər aşırmaq niyyətində imişlər. Düzdür, zaman-zaman beynəlxalq təşkilatlarda korrupsiya və rüşvət faktları ilə bağlı məlumatlara rast gəlinib, amma dövlətlərin və xalqların taleləri ilə bağlı məsələlərdə korrupsiya elementinin olması heç cür başa düşülən deyil. Məhz bu kimi amillərin nəticəsi idi ki, ötən 30 ildə Azərbaycan dövləti işğala məruz qalan tərəf olsa da, sülh prinsipini hər zaman ön sırada tutsa da, problemin danışıqlar yolu ilə həllinə üstünlük versə də, adını "beynəlxalq təşkilat" qoymuş təsisatlar  Azərbaycanın sülhpərvər mövqeyini dəstəkləmək, onu dəyərləndirmək əvəzinə, daha çox işğalçının yanında yer alıblar. Heç şübhəsiz ki, sərgilənən bu mövqedə xaricdəki erməni lobbisinin "xidməti" xüsusi "dəyərləndirilməlidir". Belə məlum olur ki, erməni diasporasının maliyyəsi müqabilində Avropa Parlamentində təmsil olunan şəxslər Ermənistana lobbiçilik edərək, təmsil olunduqları təşkilata təsir etməklə Azərbaycana qarşı əsassız  qərar və qətnamələrin çıxarılmasına nail olublar. 
Bir müddət öncə Avropa Parlamentində qeydə alınan böyük miqyaslı korrupsiya qalmaqalı fikrimizi bir daha sübut etmiş olur. Belə ki, Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etdi.Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratdı. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla Körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğunu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etdi. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı. Son bir həftə ərzində aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapıldı. Hüquq mühafizə orqanları bildirdilər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır, həmin Körfəz ölkəsinin xeyrinə AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıb.
Yeri gəlmişkən xatırladaq ki, AP-də fəaliyyət göstərən anti-Azərbaycan qrupu da Ermənistana dəstək əldə etmək istəyən, həmçinin qanunsuz biznes fəaliyyətini davam etdirmək niyyətində olan erməni oliqarxlardan, mafiya başçılarından külli miqdarda rüşvət qəbul ediblər. Belələrindən biri erməni mafiyasının Belçikadakı əsas siması Kaspar Karampetyandır. Eyni vaxtda Yunanıstan, Ermənistan və Luksemburq vətəndaşı olan Karampetyan "Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası" adlı təşkilatın prezidentidir. Bu şəxs öz biznesini qanunsuz almaz qaçaqçılığı da daxil olmaqla, müxtəlif qeyri-leqal biznes fəaliyyətləri ilə məşğul olub. Adı mafiya əməllərində də hallanan Karampetyan Ermənistanın və özünün biznes maraqlarının müdafiəsi üçün avropalı məmur və deputatlara bu vaxtacan milyonlarla vəsait paylayıb.
Avroparlamentarilərə külli miqdar da rüşvət verən daha bir erməni əsilli oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarkisyanın Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb.
Sirmakes Azərbaycanın maddi sərvətlərinin talanması hesabına əldə etdiyi vəsaitləri erməni diaspor təşkilatlarının saxlanılmasına da yönəldib. Onun maliyyə yardımı göstərdiyi təşkilatlardan biri "Ermənistanın Avropa Dostları" (EuFoA) təşkilatıdır. Məqsədi Avropanın əsas iqtisadi-siyasi mərkəzləri, həmçinin vacib qərarlar qəbul etmək səlahiyyəti olan şəxsləri ilə Ermənistan və qondarma qurum "Artsax" arasında əlaqələr yaratmaq olan bu təşkilata Sirmakes maliyyə yardımı göstərib. AP-nin deputatları ilə "yaxın" münasibətlərə malik olduğu bilinən "Ermənistanın Avropa Dostları" Eva Kaili qalmaqalından sonra öz korrupsiya əlaqələrinin maksimum ört-basdır edilməsinə çalışır.
Bu və digər erməni oliqarxların, mafiya başçılarının verdiyi rüşvəti qəbul edən bəzi AP deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər və parlamentin korrupsiya şəbəkəsinin üzvləridirlər. AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik "Ermənistanla dostluq qrupu"nun üzvlərinin də olduğu bildirilir. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsə də, onların əksəriyyəti məhz həmin "33 nəfərlik qrup" tərəfindən imzalanır. Bu deputatların bir qismi hətta Karampetyanın maliyyəsi ilə Ermənistana səfərlər də edib. Ümumilikdə AP-dəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı keçir.
Beləliklə  Avroparlamentin korrupsiya və rüşvət vasitəsilə digər ölkələrə qarşı ədalətsiz qətnamələr qəbul etməsi artıq adi hal alır. Şübhəsiz ki, lobbiçilik müqabilində rüşvətalma faktlarının üzə çıxması Avropa Parlamentinin imicini heçə endirib. Çox təəssüf ki, Avroparlament baş verənlərdən nümunə çıxarmaq əvəzinə hələ də Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi ilə seçilir. Sonda qeyd edək ki, baş verən hadisə deməyə əsas verir ki, rüşvətxorluq və korrupsiya Avropa institutlarında artıq sistemli xarakter alıb. Odur ki, Eva Kaylinin həbsi ilə AP-dəki genişmiqyaslı və oturuşmuş korrupsiya problemini kökündən həll etmək qeyri-mümkün görünür. Nəzərə almaq lazımdır ki, artıq  Avropa Parlamenti kimi beynəlxalq institutlarda ən müxtəlif korrupsioner şəbəkələr formalaşıb. Həmin şəbəkələr "pulunu ver, şəklini çəkdir" prinsipini özlərinin həyat tərzi seçiblər. Bu isə o deməkdir ki, Avropa Parlamenti daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları, dəfələrlə parlament üzvlərinin rüşvət və korrupsiya ittihamları ilə üzləşib. Demək, qurumun Azərbaycana qarşı qərəzli qətnamələrinin arxasında şübhəsiz ki, korrupsiya halları dayanır. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31