Dövlət başçısının çıxışı beynəlxalq hüquqa əsaslanır-Ermənistan üzr istəməlidir!- ÖZƏL
29 May 2024 18:15 Siyasət"Bunun dünyada praktikası indiyə qədər var. Yəni hansısa bir xalq, digər xalqa qarşı faciə törədib, soyqırım edibsə, sonradan dövlət səviyyəsində üzr istəyir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Yəni Azərbaycan və Ermənistan arasında artıq sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır, buna görə də indiki Paşinyan hökuməti sülh müqaviləsinin imzalandığı ərəfədə Xocalıda baş verən dəhşətli hadisələrə görə Azərbaycandan üzr istəyə bilər. Çünki bu, dövlət səviyyəsində həyata keçirilib. Bunu edən, bu prosesin başında duran şəxslər- Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan Ermənistana rəhbərlik etmiş şəxslərdir, ikisi Ermənistanın prezidenti, sonuncu isə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. Buna görə də Ermənistan rəsmi dövlət səviyyəsində Azərbaycandan üzr istəməlidir. Təbii ki, onların bizdən üzr istəməsi bizə o acını unutdurmayacaq, orada dünyasını dəyişmiş insanların xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq. Həmin insanlar bizim üçün çox doğmadır, əzizdir. Elə insanlar var ki, bu gün də o acını, ağrını hələ də hiss edirlər. Bunlar unudulmaz xatirələrdir, bir gecədə o qədər insanı vəhşicəsinə öldürmək təbii olaraq unudulmaz. Ancaq eyni zamanda da rəsmi dövlət səviyyəsində münasibətləri bundan sonra düzəltmək istəyirlərsə, rəsmi dövlət səviyyəsində Azərbaycandan üzr istəməlidirlər. Dövlət başçısının həmin çıxışı beynəlxalq hüquqa əsaslanmış çox düzgün ifadə idi ki, bəli, Ermənistan rəsmi dövlət səviyyəsində Azərbaycandan üzr istəməlidir. Sülh müqaviləsinin imzalanmasından sonra da xalqların arasındakı münasibətlərin, yəni xalqlar, insanlar arasında etimad mühitinin formalaşması uzun bir prosesdir. Dövlətlərarası müqavilələr imzalansa da, təbii ki, xalqların arasında hələ etimad mühitinin formalaşması üçün xeyli vaxta ehtiyacı var və buna görə də belə düşünürəm ki, Ermənistanın üzr istəməsi, hətta deyərdim ki, Azərbaycanda bununla bağlı təzminat ödəməsi bu mühitin daha tez formalaşmasına imkan yaradacaq amillərdir".