Azərbaycanın Müstəqillik Günü Varşavada da böyük təntənə ilə qeyd olunub
29 May 2024 14:22 SiyasətAzərbaycanın Müstəqillik Günü Polşanın paytaxtı Varşavada da böyük təntənə ilə qeyd olunub. Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə gözəl bir məkanda, sözün əsl mənasında, kiçik bir Azərbaycan yaradılmışdır. Tədbirdə Polşada yaşayan soydaşlarımızla yanaşı azərbaycanlı gənc tələbələr də həvəslə iştirak ediblər. Təşkilatla sıx əlaqə yaradanlar bu bayramın təntənəsini artırmaq üçün əllərindən gələni edib, ürəkdən şənləniblər. Mərasimdə masaları bəzəyən müxtəlif milli yeməklərimiz, şirniyyatlarımız, iştirakçılar üçün nəzərdə tutulmuş hədiyyələr, əyləncəli oyunlar, viktorinalar burada davam edən şənliyi artırmağa xidmət edib. Belə bir əlamətdar gün üçün nəzərdə tutulmuş tədbir iştirakçıların çox ürəyincə olub.
Təşkilatın rəhbəri, hər kəsin hörmət və etimadını qazanmış Fərid Cəfərli öz çıxışında cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində demokratiya ənənələrinin formalaşmasında əhəmiyyətli təsir göstərməsindən danışıb. Daha sonra o, qeyd edib: "Hamımız yaxşı bilirik ki, Ulu Öndər Heydər Əliyev gəncliyə Azərbaycanın gələcəyi kimi baxırdı. Böyük liderin davamçısı Prezidentimiz cənab İlham Əliyev müzəffər bir sərkərdə kimi 30 il işğal altında qalmış Vətən torpaqlarımızı düşmən tapdağından azad etdi. Şanlı ordumuzun şəxsi heyətinin əksəriyyəti gənclər idi. Və minlərlə gəncimiz Vətən uğrunda yaşamaq hüququndan keçib şəhid oldular".
Varşava üzrə tələbələrin koordinatoru Tuncay Novruzzadə isə çıxışında vurğulayıb ki, indi o və onun kimi dünyanın hər yerində təhsil alan tələbə və gənclər artıq utanmır, sıxılmır, alnı açıq, başı uca gəzirlər: "Biz özümüzü qalib xalqın övladları kimi təqdim etməyi bacarır, məhz müstəqil respublikamıza layiq yaşamaq üçün əlimizdən gələni edirik".
Varşavada soydaşlarımızın getdikcə çoxalması səbəbilə yaradılmış Polşa Azərbaycanlıları Şurası və Diaspor Təşkilatı, bu təşkilatın sədri Fərid Cəfərli, Şuranın İdarə Heyətinin üzvləri Şamo Qubadov, İlahə Kərimova, Tuncay Novruzzadə, Elçin Eyvazov və başqaları Azərbaycanın müstəqillik gününə həsr olunmuş tədbirdə milli rəqsimiz olan yallının sədaları altında dövrə vuran gənclərimizlə birlikdə rəqs edib, onların müstəqillik və zəfərimiz haqqında ifa olunan mahnılara səs veriblər. Bir sözlə, Azərbaycanın Müstəqillik Günü Varşavada möhtəşəm qeyd olunub.




