Cənab Prezidentin Xocalı səfəri böyük əhəmiyyətə malikdir – Tural İsmayılov- ÖZƏL

"Prezident İlham Əliyevin  gərgin və sıx iş qrafiki fonunda Qarabağa səfərlər etməsi və bu prosesin ardıcıl, sabit şəkildə davamlı hal almağı cəmiyyətimizdə ciddi müsbət əhval-ruhiyyə yaradır. İctimai rəydə ölkə başçısına olan inam və sevginin göstəricisi maksimum həddədir. Elə bir ay yoxdur ki, ölkə başçısı Qarabağda olmasın. Cənab Prezident torpaqlarımızı işğaldan azad edən siyasi lider kimi adını tarixə yazdırıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov səsləndirib.

"Bu gün də Prezidentin Qarabağdakı bütün işlərə nəzarət etməsi, görülən işlərlə yerində tanış olması, açılışlar etməsi müstəsna dərəcədə önəmlidir. Cənab Prezident işğalı bitirən Ali Baş Komandan olmaqla yanaşı, böyük qurucu liderdir, Qarabağın hər bi qarışında gerçəkləşən, abadlıq, quruculuq və Böyük Qayıdış prosesi İlham Əliyevin adı ilə bağlıdır.
 Hələ torpaqlarımız işğalda olan dövrdə cənab Prezident ölkə üçün önəmli tarixi günlərdə, doğum günlərində həmişə məcburi köçkünlərin yanında yer alıb. Elə bir dövr olmayıb ki, köçkün vətəndaşlarımızın taleyi və Qarabağ məsələsi arxa plana keçsin. Prezidentimizin xalqı ilə iç-içə olması, 30 il ərzində görülən qətiyyətli işlər cəmiyyətdə böyük inam, dövlət başçısına bağlılıq yaratdı.
İşğal prosesi bitdikdən sonra da Prezident özəl günləri, tarixi hadisələrimizin ildönümlərini Qarabağda oraya qayıdan insanlarımızla qeyd edir. Xocalı sakinlərinin cənab Prezidentlə görüşdə səsləndirdikləri səmimi fikirlər, sevinc hisslərini bildirmələri xalq-iqtidar birliyinin və tandeminin də gözəl nümunəsidir. Azərbaycan bu gün təkcə etnik separatçılığı bitirib zəfər salnaməsi yaradan bir ölkə kimi deyil, dirçəltmənin, inkişafın, tərəqqinin qlobal məkanı kimi xarakterizə olunur.
Prezidentin Xocalıdan səsləndirdiyi fikirlər dosta da, düşmənə də mesaj xarakterli idi. Prezidentin səsləndirdiyi fikirlərdən biri o idi ki, bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar. Soyqırım acısını yaşamış Xocalı sakinləri firavan Xocalını görmək şərəfini yaşayırlar.
Prezident qeyd etdi ki, Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi.
Cənab Prezidentin Müstəqillik Günündə gerçəkləşdirdiyi Xocalı səfəri İlham Əliyev liderliyindəki Azərbaycanın gördüyü işləri də nümyiş etdirmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31