Ermənistan əhalisinin əhəmiyyətli hissəsi onun etiraz aksiyalarını dəstəkləmir-Oqtay Qasımov- ÖZƏL

"Ermənistanda keçirilən etiraz aksiyaları artıq üçüncü həftəyə qədəm qoymaqdadır. Dünən keçirilən etiraz aksiyaları əvvəlki 9 may etiraz aksiyasından çox ciddi şəkildə fərqlənmədi". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Yəni, o dövrdən bu dövrə qədər etiraz aksiyalarını təşkil edən qüvvələr bu aksiyanın say tərkibinin artmasına nail ola bilməyiblər. Baxmayaraq ki, 9 maydan bəri keşiş Baqrat Ermənistanın müxtəlif təşkilatları, elm, ictimai xadimləri ilə görüşlər keçirir, tələbələrlə universitetlərə gedir və müxalifət tərəfdən ona hər cür dəstək verilməsinə baxmayaraq bütün hallarda Ermənistan əhalisinin əhəmiyyətli hissəsi onun etiraz aksiyalarını dəstəkləmir. Bu etiraz aksiyalarının hazırki vəziyyəti Nikol Paşinyan hakimiyyətinin devrilməsinə yetərli hesab edilmir. Bu gün səhərdən başlanan itaətsizlik aksiyalarında isə polis kifayət qədər sərt tədbirlər görür, qanunu pozanlara qarşı sərt addımlar atılır. Günortaya qədər olan məlumatlara görə artıq 250-dən çox aksiya iştirakçısı saxlanılaraq polis məntəqələrinə aparılıb. Etiraz aksiyalarının Paşinyana qarşı yönəlməsinin nəticə verməyəcəyinin digər səbəblərindən biri də hökumətin əlində müəyyən ideoloji təbliğat imkanlarının yaranmasıdır. Belə ki, Ermənistan ərazisində bəzi bölgələrdə sel və daşqınlar səbəbindən ağır vəziyyətin yaranmasından da təbliğat tezisləri olaraq müxalifətə qarşı istifadə olunur. Bütün hallarda aydın proqramı olmayan, gələcək üçün hansısa bir dəqiq plan təqdim etməyən müxalifətin keşiş Baqratın hal-hazırda başını çəkdiyi etiraz aksiyalarının bu gedişlə hansısa bir nəticəyə gətirməyəcəyi dəqiqdir. Bu hərəkat 2018-ci ilin kopyası olsa da, müqayisədə ondan kifayət qədər zəif və cəmiyyətə təsir baxımından effektsizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31