Artıq dördüncü ildir ki xalqımız Müstəqillik gününü qalib xalq olaraq qeyd edir- ÖZƏL
27 May 2024 11:09 Siyasət"Azərbaycan tarixinə qızıl hərflərlə həkk olmuş "28 May Müstəqillik Günü" xalqımızın qürür mənbəyinə çevrilmiş tariximizin şanlı və parlaq səhifələrindən biridir. 106 il əvvəl -1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublika olaraq dünya tarixinə düşərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müstəqilliyin çox qısa zaman-cəmisi 23 ay davam etməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük işlər həyata keçirilmiş, dövlət bayrağı, himni, gerbi, vətəndaşlığı təsis edilmiş, milli ordu və təhlükəsizlik strukturları yaradılmış, 200-dən çox mütərəqqi qanun qəbul edilmişdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib:
"28 May Müstəqillik Günü" müstəqillik tariximizin başlanğıcı olaraq Azərbaycanda milli ruhun formalaşmasında və gələcək inkişafında böyük rol oynamışdır. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanda çox ağır siyasi-iqtisadi böhran hökm sürürdü. Azərbaycan Xalqının Ümummilli lideri, xilaskar Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz üzərindən qara buludlar çəkildi, hökm sürən böhran aradan qalxdı və müstəqil Azərbaycanın sürətli inkşaf dövrü başladı.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev həyata keçirdiyi müdrik və unikal siyasəti ilə müstəqilliyimizin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin inkşafına böyük təkan vermişdir. Bu gün müstəqil Azərbaycan Respublikası möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliy altında dünya miqyasında öz qüdrəti və yüksək nüfuzu ilə seçilən lider dövlətlərdəndir.
Artıq dördüncü ildir ki xalqımız Müstəqillik gününü qalib xalq olaraq qeyd edir. Bizlərə bu qüruru və qələbəni bəxş edən başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla Müzəffər Azərbaycan ordusuna təşəkkür edirik, şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik, uca Tanrıdan qazilərimizə şəfalar diləyirik. Müstəqilliyimiz əbədi və sarsılmazdır. Yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan!"