Dövlət başçımızın bir sözü ilə kəndlər qaytarıldı-Şəbnəm Həsənova- ÖZƏL

"Cənab Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, "Səkkiz kəndin məsələsi daim gündəlikdədir". 23 aprel ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı isə bir daha nəzərə çatdırdı ki, "İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kəndlə bağlı məsələ qaldırdıq. Əslində biz bu kəndləri heç vaxt unutmamışıq". Şübhəsiz ki, bu Azərbaycanın, onun Liderinin torpaq məsələsində prinsipial mövqeyindən xəbər verirdi".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin beynəlxalq platformada belə bir mesajın veriməsinin xüsusi önəmi və çəkisi var idi. Belə ki, dövlət başçımız həm də onu qeyd etdi ki, "Zəngəzur, - şərqi, qərbi yoxdur, - bütün Zəngəzur Azərbaycan ərazisidir". Yəni, sadəcə Ermənistan deyil, bunu "güzgü effekti" adı altında bəzəyərək onun gözünə işığın əksini, effektini salaraq kor edən "Ermənistan plyus" qruplaşması da anlamalıdır.
Kəndlər məsələsi Sankt-Peterburqda ayaqüstü həllini tapmışdı. Zənnimcə, dövlət başçımız tərəfindən elə ordaca delimitasiya ilə bağlı komissiyaların agendasının mərkəzinə məhz bu məsələ qoyularaq, onun üzərində dayanıldı ki məhz ondan sonra hədəf elə bu nöqtəyə,  Qazax-Tovuz bölgəsinin delimitasiyasına doğru vuruldu. Nəticədə dövlət başçımızın bir sözü ilə kəndlər qaytarıldı. Bu da birmənalı olaraq suverenliyimizin təmin olunması işində növbəti addımdır. Bu kəndlərin işğal tarixi xalqımıza da, dünyaya da yaxşı bəllidir. Torpaqlarımızı bizdən hissə-hissə qopardaraq Ermənistana verdilər. Bu gün isə biz hər qarış torpağımızı düşmən tapdağından azad etmək yolunda əzmlə, qətiyyətlə addımlayırıq. Sözsüz ki, bu, həm Vətən müharibəsində, həm onun davamı olaraq antiterror əməliyyatında Ali Baş Komandan olaraq adını Müzəffər kimi tarixə yazan, təsdiq edən cənab İlham Əliyevin indi də görkəmli diplomat kimi yürütdüyü uzaqgörən, qətiyyətli, hədəfə istiqamətlənən siyasətinin nəticəsidir. 
Tarixə yenə dönəcək olarsaq mütləq onu qeyd etməliyik ki, o vaxt İrəvan Ermənistana veriləndə azərbaycanlıların heç fikri belə soruşulmadı. Bu gün isə həmin kəndlərin əhalisinin fikri nəzərə alınaraq, əhəmiyyətli sayılaraq sakinlərə həqiqət elə yerindəcə çatdırıldı. Başa düşməmək, ya da başa düşməyə maneə olmaq, icazə verilməmək isə ayrı, lakin aydın və bəlli məsələdir. Yəni, ağ vərəqi başdan yazmaq nə qədər asandırsa, səhv yazılanı isə silib yenidən yazmaq bir o qədər mürəkkəb və hünərdir. Obrazlı şəkildə desək cənab Prezident İlham Əliyev çıxmış qolu yerinə salmır, sınmış qolu bərpa edir. Bunun mürəkkəbliyi isə siyasi anlayışı dayaz olana belə məlumdur. Belə ki, dövlət başçımız tarixdə məntiqə sığmayaraq atılan yanlış addımları düzəltməyə çalışır və buna da nail olur. Dolaşıq, bulanıq mövqe Ermənistandadır, Azərbaycanın mövqeyi isə bu məsələdə də əvvəldən olduqca aydın idi. Dövlət başçımız da bildirirdi ki, "O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır". Belə də oldu. Ümumiyyətlə isə bütün anklavlar qaytarılmalıdır, lakin problemlər mərhələ-mərhələ həllini tapmalıdır. İki dövlətin sərhədinin şərti xarakter daşıdığı da, anklav kəndlər də, bütün həqiqətlər də elə bütün tərəflərə də yaxşı məlumdur. Ermənistan bulanıqlığa yol vermədən, anklav kəndlərlə bağlı da ayrıca bir ekspert qrupu üzrə iş görməlidir. Ermənistan elə torpaq təəssübkeşliyi çəkirdisə, onun havadarlarının da torpaq məsələsi belə həssas nöqtələri idisə, vaxtında sərhəd nişanları qoyulmayan yerdə sərhədi tanıyar, nişan qoyardı. Sərhəd isə Ermənistanın düşündüyü kimi, ona xəyal etdirilən kimi Ağdamdan başlamır. Odur ki, heç vaxt yaşayış olmayan Azərbaycanın durduğu mövqelərdən, təpələrdən geri addım atılmayacaq. 
Azərbaycanın mövqeyi tarixi həqiqətə, beynəlxalq hüquqa uyğundur. Hər bir halda bir güllə atılmadan məsələnin həllini tapması Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurudur. Habelə, dövlət başçımızın irəli sürdüyü təkliflər regiona sülh vəd edir. Odur ki, Ermənistan cəmiyyəti boş xəyallara ümidlənməməli, qeyd edilən önəmli məsələlərə qulaq verməlidir. Ermənistan daxilində sosial dayağı olmayanların uğursuzluğa düçar olması da qarşıya qoyulan hədəflərə çatılacağından xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31