Prezidentin yetirdiyi siyasət nəticəsində Azərbaycana aid ərazilər qarşıdurmasız, silahsız geri qaytarılır-Yusif Bağırzadə- ÖZƏL
24 May 2024 21:05 Siyasət"Əlbəttə bugünkü gün Ermənistanla Azərbaycan arasında olan sərhədlərin müəyyənləşməsi ilə əlaqədar proses Azərbaycan xalqının, ordusunun, Prezidentinin iradəsinə söykənən bir prosesdir".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Bildiyiniz kimi 44 günlük müharibə və antiterror əməliyyatında Azərbaycan Ermənistana bir daha başa saldı ki, Azərbaycana aid olan Azərbaycana qeydsiz-şərtsiz qaytarılmalıdır. Həm Ermənistan, həm Ermənistanın arxasında olan beynəlxalq güclər, həm dünya ictimaiyyəti konkret olaraq qəbul etdilər ki, Azərbaycana aid olan torpaqlar geri qaytarılmalıdır. Bügünkü gündə də həmin proses davam edir. Azərbaycana aid 8 kəndin geri qaytarılması ilə əlaqədar Azərbaycanla Ermənistan arasında baş nazir müavinləri səviyyəsində olan komissiyalar qərar vermişdir, protokollar imzalanmışdır. Bugünkü gün artıq Azərbaycana aid olan Qazax istiqamətində 4 kəndin Azərbaycana qaytarılması prosesi başa çatmış, Azərbaycan sərhədçiləri həmin bölgədə yerləşdirilmişdir. İkinci istiqamətdə isə Qazaxın anklav olmayan 3 kənd və Naxçıvanın Kərki kəndinin geri qaytarılması prosesi başlayır. Bununla əlaqədar Ermənistan dövlətinin Ədliyyə Nazirliyin Kodastr şöbəsinin bəyanatı olmuşdur. Həmin bəyanatda qeyd edilir ki, Kərki kəndində Ermənistan vətəndaşlarına aid heç bir hüquqi sənəd yoxdur. Bununla da Ermənistan ictimaiyyətini bu prosesə hazırlayırlar. Avqustun 15-nə kimi Azərbaycana aid anklav olmayan bu 4 kəndin də qaytarılması prosesinin şahidi olacağıq.
Azərbaycan Konstitusiyasına uyğun olaraq Azərbaycanın xarici siyasətini Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Cənab Prezident İlham Əliyevin düzgün, dəqiq xarici siyasəti nəticəsində beynəlxalq güclər, ittifaqlar Azərbaycanın haqq işinin tərəfindədir. Bu həm ABŞ, həm Rusiya və digər beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlardan bəllidir. Cənab Prezidentin yetirdiyi düzgün, dəqiq siyasət nəticəsində Azərbaycana aid olan o ərazilər qarşıdurmasız, silahsız geri qaytarılır".