Azərbaycan Prezidentinə, Azərbaycan dövlətinə güvənirik- ÖZƏL

"İndiyə qədər anklav kəndlərin də qayıdacağı ilə bağlı məsələyə cəmiyyətdə inanmayanları müşahidə edə bilirdik. Hətta ironiya ilə yanaşmaq, istehza etmək şəklində də reaksiya verənlər var idi. "Yox idi" deməyək".
 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Soruşurdular ki, nə olacaq, bu məsələlər necə həll olunacaq? Gördük ki, torpaqlarımız ən yüksək səviyyədə-Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində, yürütdüyü siyasət nəticəsində azad olundu. Biz o ərazilərə indi gedə bilərik, insanlarımız orda yaşayacaq. Artıq sərhədçilərimiz nəzarət edir. İndi qalır anklav olmayan kəndlər. Qazaxın üç kəndi və Naxçıvanın bir kəndi eksklavdır. Hazırda danışıqlarda düşünürəm ki, bu məsələ də gündəmdədir. Təbii ki, çətinliklər var. Ermənilər deyirlər ki, o ərazilərə yol Ermənistandan keçib gedir. Halbuki, həmin kəndlərə gedən yol da Azərbaycanın torpaqlarıdır. İndi ermənilər deyirlər ki, bu, beynəlxalq dünya tərəfindən Ermənistanın tanınan ərazisidir. Amma ümumən götürüldüyündə o ərazilər də sovet imperiyasının vaxtında, hansısa sovet hökumətindəki məmur və yaxud Azərbaycandakı kommunist ideologiyasının, ermənipərəst ideologiyanın təsiri altında olan məmurun səyləri nəticəsində verilib. Hektar-hektar meşələr, ərazilər, Qazaxın, Naxçıvanın torpaqları verilib. Mən düşünürəm ki, bu məsələlər həll olunmalıdır və olacaq. Azərbaycan bu problemi də həll edəcək. Biz o kəndləri də qaytaracağıq. Onlara yol verilməlidir və bu yol təhlükəsiz, tam rahat bir şəkildə kənd əhalisinin, o kəndə gedib gəlmək istəyən insanların ixtiyarına verilməlidir. Bu məsələ də həllini tapacaq. Biz, bu məsələdə Azərbaycan Prezidentinə, Azərbaycan dövlətinə güvənirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31