Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu- ÖZƏL

"XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın hansı faciələrlə, təhlükələrlə üz-üzə qaldığı yaddaşlardadı. O illər, həmçinin çoxəsrlik tariximizin faciəli səhifələri kimi daim vərəqlənir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoydu. Belə olan vəziyyətdə ölkənin necə inkişaf edə biləcəyini düşünmək mümkün deyildi. Torpaqlarımız işğal edildi, ərazi bütövlüyümüz pozuldu, Ermənistandan 300 mindən çox azərbaycanlı,  Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovuldu, Şuşa və Laçın işğal altına düşdü. Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.  Xalq bu vəziyyəti dəyişdirəcək yeganə şəxsin məhz Ümummilli Lider Heydər Əliyev olduğunu dedi və ayağa qalxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli Liderin  şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31