Ermənistan Qarabağ savaşının nəticələrindən dərs almadı- ÖZƏL

"Azərbaycanın şanlı tarixindən danışarkən bu tarixin ən şərəfli Zəfər səhifələri də xüsusi qeyd olunmalıdır. 2020-ci ilin sentyabr-noyabr aylarında Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün ərzində apardığı Vətən müharibəsində tarixi Qələbə qazanaraq ilk növbədə 30 illik erməni işğalına son qoydu. Müqəddəs bayrağımız Şuşada dalğalandı. Lakin Ermənistan II Qarabağ savaşının nəticələrindən dərs almadı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevin sözlərinə görə, tarixi Zəfərimizdən sonra keçən üç ildə ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirdi, üçtərəfli Bəyanatın şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasından yayındı, sülh müqaviləsini imzalamaqdan boyun qaçırdı: "Bütün bunlar Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, bölgədə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da Azərbaycanı lokal xarakterli antiterror tədbirlərini həyata keçirmək məcburiyyəti qarşısında qoydu. Əməliyyatın başlamasından cəmi bir gün sonra, 20 sentyabr tarixində separatçıların təslim olması qalib ölkəmizin növbəti böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Bir günə təmin olunan qələbə Azərbaycan Ordusunun müstəqilliyimizə, suverenliyimizə yönələn hər bir təxribatın qarşısını qətiyyətlə almaq imkanında olduğunu bir daha sübut etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31