Azərbaycan ilə Tacikistan arasında çoxillik tarixi əlaqələr mövcuddur- ÖZƏL
24 May 2024 14:51 Siyasət"Azərbaycan ilə Tacikistan arasında sovet hakimiyyəti dövründə qurulmuş çoxillik, möhkəm iqtisadi, mədəni və tarixi əlaqələr mövcuddur. Bu tendensiya hər iki respublika müstəqillik əldə etdikdən sonra da davam etdi və gücləndi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Rəşad Mahmudovun sözlərinə görə, Azərbaycan Tacikistanın dövlət müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçir və bu da tarixi meyarlara görə qısa müddətdir: "Lakin bu müddət ərzində xalqlarımız arasında dostluq münasibətlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanıldı. Tacikistan-Azərbaycan münasibətlərinin yaxın tarixi ölkələrimizin xoşməramlılıq, suveren bərabərliyin və ərazi bütövlüyünün tanınması, habelə qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyət üçün seçdiyi kursun düzgünlüyünü bir daha sübut etdi. Hazırda Tacikistan və Azərbaycan arasında əməkdaşlıq yüksək inkişaf səviyyəsindədir və genişlənməyə meyllidir. Təbii ki, bizi Mərkəzi Asiyanın ayrı-ayrı dövlətləri ilə ortaq tarix, mədəniyyət, adət-ənənələr, iqtisadi və siyasi maraqlarla bağlayır. Bütün bunlar Azərbaycanla bu dövlətlər arasında münasibətlərin xarakterini müəyyən edir və əslində, bizim Mərkəzi Asiya siyasətimizin vektorunu formalaşdırır. Bu siyasətin mühüm istiqamətlərindən biri də Tacikistandır. Azərbacyan Tacikistan ilə qarşılıqlı etimada və hörmətə əsaslanan hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Hər iki xalqı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ortaq dəyərlər və ənənələr birləşdirir. Hazırda ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir və iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə qeyd olunan prinsiplərə əsaslanır. İkitərəfli əməkdaşlığın hüquqi bazasını qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini tənzimləyən çoxsaylı sazişlər təşkil edir".