Müsəlman şərqində ilk demokratik respublika-AXC- ÖZƏL
24 May 2024 14:48 Siyasət"Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi olaraq meydana çıxmışdır". "Olaylar" xəbər verir ki, bunu YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov deyib: "1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Nasib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxslinkinin və başqalarının böyük xidmətləri olmuş, bu görkəmli şəxslərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. O dövrdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, Avropanın demokratik dəyərləri ilə şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasında mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının və s. işlərin görülməsi Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".