Ermənistanın öz acizliyini başqasının üzərinə yıxmaq xarakteri var -Elmir Səftərov- ÖZƏL

"Sələflərindən fərqli olaraq hakimiyyətə gəldiyi müddətdən etibarən qərbyönümlü siyasəti ilə fərqlənən Nikol Paşinyan fürsət düşdükcə özündən əvvəlki liderləri də tənqid edirdi. O, bir növ bu davranışlarla öz yanlışlarının və gələcəkdə baş verəcək hər hansı dəyişikliklərin məsuliyyətindən yayınmağa zəmin yaradırdı". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:

"Bununla da Ermənistan cəmiyyətinə sübut etməyə çalışırdı ki, o, digər liderlərdən fərqli olaraq xalqın daha yaxşı yaşaması üçün ciddi işlər görür və ölkənin gələcəyi də onun əlindədir. Buna görə də öz yanlışlarını keçmiş liderlərin səhvləri ilə ört-basır etməyə çalışan N.Paşinyan bunu xarici siyasət kursunda və himayədarların dəyişdirilməsi prosesində də tətbiq etdi. Xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən sonra də eyni tendensiyanı davam etdirən baş nazir məğlubiyyətlərində özündən əvvəlkiləri ordunu pis vəziyyətə salmaqda günahlandırdı. Guya onlar Azərbaycanla danışıqlarda düzgün strategiya seçsəydilər keçmiş münaqişə həllini tapardı. Halbuki, Nikol Paşinyan dövlətə rəhbərlik etməyə başladıqdan sonra problemin həlli istiqamətində rasional siyasət həyata keçirəcəyini desə də, sonradan sərsəm bəyanatlarla siyasi gərginliyi daha da artırdı. Belə ki, 2019-cu ildə N.Paşinyan Xankəndidəki çıxışında Qarabağın Ermənistana aid olduğunu ilk dəfə bəyan etdi. Bununla yanaşı, Ermənistan baş naziri Nikol Paşinyan Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki əli dinc azərbaycanlıların qanına batmış bir çox şəxslərlə rəqs etdi. Bütün bunlar isə Azərbaycanın səbrini daşdırdı və beynəlxalq hüququ öz gücünə həll etmək məcburiyyəti qarşısında qoydu. Hadisələrin bundan sonrakı inkişafı ilə isə məlumdur-Nikol Paşinyanın rəhbərlik etdiyi ordu döyüş meydanında məğlubiyyətə uğradıldı, "məğlubiyyətisiz erməni ordusu" mifi darmadağın oldu. Bu cür biabırçı məğlubiyyətin davamında kapitulyasiya aktına imza atmağa məcbur olan N.Paşinyan bunu da kimlərinsə və ya hansısa dövlətlərin üzərinə atmağa cəhd etdi. Müharibədən əvvəl isə regiondakı hərbi-siyasi vəziyyəti düzgün qiymətləndirməyən Ermənistan lideri müharibə baş verərsə, Rusiyanın buna imkan verməyəcəyini və ya müdaxilə edəcəyini düşünürdü. Lakin 2020-ci ildən sonrakı proseslərin fərqli cərəyan etməsi öz yaratdığı problemi öz həll etməli olan Ermənistanın rəsmi Moskvadan nə qədər asılı olduğunu qabarıq şəkildə göstərdi. Sanki Ermənistan ordusunun yerinə də Rusiya savaşmalı idi. Biz bunu Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2021-ci ildən 2023-cü ilə qədər Fərrux, Sarıbaba-Qırxqız yüksəkliklərinin nəzarətə götürülməsi, "Qisas" əməliyyatlarının həyata keçirilməsində də gördük ki, Ermənistan Rusiyanı günahlandıraraq öz acizliyini başqasının üzərinə yıxmaq xarakterini növbəti dəfə nümayiş etdirdi. Eyni ritorika bu gün də davam edir, Nikol Paşinyan yenə də bəhanələr gətirərək müxtəlif dövlətləri öz məğlubiyyətlərində pay sahibi kimi göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən Ermənistan bunu təkbaşına etməyib, buna dəstək verən güclər olub. Maraqlısı odur ki, Ermənistan haqsız, qeyri-bərabər savaşdakı cinayətlərini öz qələbəsi kimi, amma məğlubiyyətini isə başqa dövlətlərin boynuna yıxır. Reallıq isə odur ki, müzəffər Azərbaycan Ordusu hərb meydanında tarixi uğura imza ataraq düşməni- Ermənistanı 44 gündə darmadağın etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31