Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə həmişə bir-birini dəstəkləmişlər-Sultan Zahidov- ÖZƏL
23 May 2024 17:56 Siyasət"Azərbaycanın Tacikistan da daxil olmaqla Mərkəzi Asiya ölkələri ilə münasibətləri bu gün çox yüksək səviyyədədir. Tacikistan Prezidenti Emoməli Rəhmanın Azərbaycana səfəri və bu səfər çərçivəsində imzalanan vacib sənədlər iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun daha bir göstəricisidir".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Elə tək bugünkü səfər çərçivəsində Azərbaycanla-Tacikistan arasında 13 sənəd, o cümlədən, strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır. Bu sözsüz ki, iki ölkə arasındakı münasibətlərin müqavilə hüquq bazasını xeyli genişləndirən amildir. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu diplomatik münasibətlər 1992-ci ildən etibarən qurulmuş, daha sonra Azərbaycanın Tacikistanda, Tacikistanın da Azərbaycanda səfirlikləri açılmışdır. Həmin vaxtdan bu günə kimi iki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin, parlament nümayəndələrinin bir-birinə qarşılıqlı şəkildə səfərləri baş tutmuşdur. İki ölkə arasındakı münasibətlərdə 2007-ci ildə imzalanan Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni xüsusi qeyd etmək istərdim. Həmin sənədi və bu gün imzalanan sənədləri də qeyd etsək, bu günə kimi iki ölkə arasında 70-dən çox sənəd imzalanmışdır. Ölkələr arasında siyasi münasibətlər yüksək səviyyədədir. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə həmişə bir-birini dəstəkləmişlər. İqtisadi-ticari əlaqələr də ildən- ilə artmaqdadır. Tacikistan Orta Dəhlizdən fəal istifadə edən ölkələr sırasındadır ki, bu Orta Dəhlizin əsas bəndlərindən də biri məhz Azərbaycandır. Mühüm hadisələrdən biri kimi də mən 2008-ci ildə iki ölkə arasında imzalanan ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə sənəd və bu sənəd nəticəsində də yaranan hökümətlərarası komissiyanı da qeyd edə bilərəm ki, indiyə kimi bu komissiyanın artıq 6 iclası keçirilib. İki ölkə arasında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin sıx-sıx olması onu göstərir ki, dövlət rəhbərləri arasında münasibətlər də çox yüksəkdir. Ötən il ölkə başçısı Prezident İlham Əliyev Tacikistana iki dəfə səfər etmişdir. Bu da onu göstərir ki, həm Azərbaycan Tacikistana, həm də Tacikistan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Bugünkü səfər və imzalanan sənədlər, strateji tərəfdaşlıq bəyannaməsi onu göstərir ki, bundan sonra da iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir".