Sülh yaradıcılığı prosesində Azərbaycanın səylərinin nəyə söykəndiyi bir daha nümayiş olundu - ÖZƏL

"Prezident "Euronews"-a müsahibəsində Azərbaycanın növbəti dəfə ən öndə və aktual məsələlərlə bağlı mövqeyini izah edir. Buna bizim də, dünyanın da ehtiyacı var".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Azərbaycanın bir sıra daxili və beynəlxalq məsələlərlə bağlı apardığı siyasət həm ölkəmizin dünyada mövqeyini möhkəmlənməyinə xidmət edir, həm də dünyada Azərbaycanla bağlı daha obyektivlərin yaranmasında böyük rol oynayır. Bu nöqteyi nəzərdən, İlham Əliyevin ən mötəbər mənbə və informasiya qaynağı olaraq dünyanın mötəbər tribunalarına, o cümlədən, "Euronews"-a verdiyi hər hansı bir informasiyanın böyük təbliğatı və maarifçilik tanıtma əhəmiyyəti var. O cümlədən, Azərbaycanın iqlim dəyişmələri və iqlim keçidi prosesində apardığı siyasətin bu gün dünyada maraqla qarşılandığı göz qabağındadır. Hətta bir neçə ay əvvəl COP29-un Azərbaycanda keçirilməsinə etiraz edən ölkələrin də səyləri heç bir nəticə vermədi və nəticədə dünya dövlətləri getdikcə daha çox qəbul etməyə başlayırlar ki, iqlim dəyişmələri ilə mübarizə və enerji keçidi sahəsində Azərbaycanın siyasəti olduqca əhəmiyyətlidir, perspektivlidir. Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, enerji keçidinə dünyanın neft-qazla zəngin olan ölkələrinin demək olar ki, böyük əksəriyyətindən daha təşəbbüskar, daha yaradıcı mövqedədir və daha maraqlı olduğunu sübut edir. Hətta neftdən, qazdan əbədi olaraq istifadə məsələsi bu gün gündəmdə olsa, Azərbaycan dünyanın ən yaxşı vəziyyətdə olan ölkələrdən biridir. Amma buna baxmayaraq, neftdən, qazdan istifadə etmək siyasəti öz yerində, amma neftdən, qazdan yeni enerji mənbələrinə keçidi də ortaya qoymaq Azərbaycanın bu gün nümayiş etdirdiyi iradədir. Buna görə ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə bu gün dünyanın apardığı strateji xəttə çox böyük töhfələri var. Onu da qeyd edim ki, Azərbaycan prezidentinin "Euronews"-a müsahibəsində enerji keçidi ilə bağlı ölkənin apardığı siyasətin demək olar ki, bütün istiqamətlərinin lazımi təqdimatı oldu. Buna görə də bu gün dünya dövlətləri Azərbaycanın COP29-na çox böyük maraq göstərirlər. Hətta dövlət başçıları səviyyəsində iştirakçılığa böyük təşəbbüslər var və bu təşəbbüslər sözsüz ki, COP29-un qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə xidmət edəcək, həm də Azərbaycanın bu istiqamətdə dünyada mövqelərinin möhkəmlənməsində öz rolunu oynayacaq.
Eləcə də bölgədə sülh yaradıclığı prosesində Azərbaycanın səylərinin nəyə söykəndiyi "Euronews" tribunasında bir daha nümayiş olundu. Növbəti dəfə dünya tanış olmaq fürsəti əldə elədi ki, Azərbaycan müharibəni bölgəyə sülh gətirən bir vasitə kimi necə görürdüsə, müharibədən sonra da sülhün və təhlükəsizliyin bərqərar edilməsinə, öz xarici siyasətinin və diplomatiyasının alternativsiz və həm də prioritet istiqaməti kimi baxır. Təsadüfi deyil ki, Azərbaycanın bölgədə müharibədən sonra sülh sazişinin imzalanması və delimitasiya aparmaq sahəsində təşəbbüskar mövqeyi artıq dünya tərəfindən etiraf olunur və qəbul edilir. Dünyanın demək olar ki, mötəbər dövlətləri, beynəlxalq təşkilatları delimitasiyanın aparılmasını dəstəklədilər ki, bu da Azərbaycanın müharibədən sonra yeni reallıqlara uyğun ortaya qoyduğu siyasətin qələbələrindən biri kimi dəyərləndirilə bilər. Ona görə, "Euronews" məkanına həm müharibədən sonra reallıqların təqdimatı, həm sülh sazişinin imzalanması, həm sərhədlərin delimitasiyası, həm regional kommunikasiyaların açılması, həm də yaşıl enerji keçidi ilə bağlı Azərbaycanın siyasətinin və diplomatiyasının təqdim olunmasının böyük əhəmiyyəti var. Hansılar ki, İlham Əliyev "Euronews"-a müsahibəsində bu məsələlərə lazımi qədər təqdimat ayırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31