Paşinyan özünü qorumaq üçün məğlubiyyətin səbəblərini müxtəlif qüvvələrin üstünə atmalıdır - ÖZƏL
23 May 2024 16:35 Siyasət"Paşinyanın bu gün Ermənistanda özünün müharibədəki məğluiyyəti ilə bağlı gətirdiyi arqumentlər ilk növbədə onun özünümüdafiə cəhdi kimi dəyərləndirilməlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Paşinyan Ermənistanda hakimiyyətin başındadır və onun opponentləri var. Həm opponentlər tərəfindən, həm də cəmiyyətin müəyyən millitarist revanşist siyasi qüvvələri tərəfindən ona təzyiqlər var. Bu şəraitdə Paşinyan özünü qorumaq üçün aydın məsələdir ki, məğlubiyyətin səbəblərini müxtəlif qüvvələrin üstünə atmalıdır. Amma Paşinyan heç başa düşməyə bilməz və yəqin ki, yaxşı da anlayır ki, onun məğlubiyyətinin əsas səbəbi nə Rusiya, nə digərləri idi. Bunun səbəbi odur ki, Ermənistan daha əzəldən özünü müstəqil ölkə kimi apara bilmədi, müxtəlif beynəlxalq dairələrin qəsbkar, irticaçı planlarının əsas aləti rolunda çıxış elədi və müstəqil bir dövlət kimi siyasət apara bilmədiyinə görə onun-bunun əlində qonşulara, xüsusilə də, Azərbaycana qarşı irtica, təcavüz alətinə çevrildiyinə görə məğlub oldu.
Təbii ki, Qarabağ münaqişəsinin yaranmasının əsas səbəblərindən biri məhz Moskva-Kreml hakimiyyəti idi. Təbii ki, Moskva, Kreml hakimiyyəti də yaxşı anlayırdılar ki, Azərbaycan torpaqları əbədi olaraq işğalda qala bilməz və bu torpaqların qaytarılması Azərbaycanın haqqıdır. Buna görə Moskva da Azərbaycanın haqqına göz yummadı, nəticədə Ermənistanın işğalçı qoşunları Azərbaycandan tamamilə çıxarıldı ki, bu da haqqın, ədalətin və beynəlxalq normalarına uyğun nəticənin əldə olunması idi.
Paşinyanın məğlubiyyətinin kökü Ermənistanın müstəqil dövlət ola bilməməsi, müxtəlif dünya qüvvələrinin əlində alət olmasıdır və Paşinyan bundan nəticə çıxarmalıdır ki, əgər bundan sonra da Vətən müharibəsindəki kimi dəhşətli, dağıdıcı məğlubiyyətlərlə üz-üzə qalmaq istəmirlərsə, həqiqi, müstəqil dövlət siyasəti aparmalıdırlar. Qonşularla münasibətləri beynəlxalq hüquq və humanitar normalar əsasında qurmalıdırlar, hər bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidirlər. Paşinyan əgər bunu edəcəksə, onun dövlət başçısı postunda bundan sonrakı siyasətində müsbət nəticələr əldə etmək ehtimalı böyükdür".