Rəsmi Bakı bu tipli bəyanatları əhəmiyyətsiz sayır- ÖZƏL
23 May 2024 16:30 Siyasət"Azərbaycana qarşı bu günə qədər birdən çox etnik təmizləmə iddiası ilə qətnamə layihələri qəbul etdirməyə və yaxud da ki, sanksiyalar tətbiq edilməyə çalışılırdı. Lakin bütün bunlar hamısı boş, əsassız və arqumentləşdirilməmiş bəyanatlardan ibarətdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Məsələ ondan ibarətdir ki, Azərbaycanın Qarabağda bu və ya başqa formada etnik təmizləmə törətdiyinə dair heç bir iz yoxdur və heç bir əsaslandıracaq isbat, sübut da yoxdur. Çünki reallıqda belə bir şey yoxdur. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi və sonrasında lokal xarakterli antiterror əməliyyatları fonunda ərazidə yalnızca qanunsuz silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqları ilə mübarizə aparır və nəticə etibarilə də qələbə qazanıb, ərazi bütövünü təmin edib. Proseslər fonunda rəsmi Bakı Qarabağda yaşayan mülki ermənilərin ərazini tərk etməməsi istiqamətində konkret bəyanat verdi, hətta reinteqrasiya prosesi başlatdı. Amma qarşı tərəf buna getmədi. Yəni ermənilər digər bir seçim haqları olan Ermənistana köçməyi seçdilər ki, buradan gələnlərin bir çoxu Ermənistanı tərk edib xarici ölkələrə, ilk gəldikləri ərazilərə qayıtdılar. Bu bir daha onu göstərir ki, Azərbaycan heç vaxt heç bir xalqa, etniik azlığa qarşı soyqırım siyasəti etməyib ki, bunu etməyimiz üçün belə bizim dövlətçilik ənənəmizdə, xalq mentalitetimizdə belə bir anlayış yoxdur. Bizim özümüzə qarşı əksinə, illər boyunca soyqırım törədilib və soyqrımın nə olduğunu yaxşı bilən rəsmi Bakı, Azərbaycan xalqı ermənilərə qarşı belə bir addım atmadı. İndi hansısa deputatların bu istiqamətdə verdiyi açıqlamalar aydın məsələdir ki, reallığı, həqiqəti əks etdirmir və tamamilə erməni diasporasının və lobisinin tezisləri əsasında səslənən fikirlərdir. Yəni bu fikirləri irəli sürən şəxslərin bu və başqa formada lobbi və diasporla, erməni dostluq qruplarının əlaqəsi var və erməni milyarderləri ilə işləyən şəxslərdir ki, onlar qələmlərini, sözlərini, mandatlarını, səlahiyyətlərini erməni maraqlarına, lobbi, diasporanın xidmətinə sərf edirlər. Belə olan təqdirdə bizim nəzərimizdə bu kimi bəyanatların, ifadələrin, açıqlamalarının, habelə qətnamə layihələrinin hökmü yoxdur. Rəsmi Bakı bu tipli bəyanatları əhəmiyyətsiz sayır, qəbul edilən qətnamələri də sadəcə kağız parçası olaraq görür".