Paşinyan niyə məhz Rusiyanı və Belarusu hədəfə alır?- ÖZƏL
23 May 2024 15:50 SiyasətPaşinyan ötən gün "KTMT-yə üzv iki ölkəni Azərbaycana yardımda" ittiham edib: "2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər. Mən KTMT-nin iki ölkəsini tanıyıram ki, bizə qarşı müharibəyə hazırlıqda iştirak edib".
Paşinyanın bu açıqlama ilə Rusiya və Belarusu nəzərdə tutduğunu bildirilir.
"Paşinyanın Ermənistanın 2020-ci il İkinci Qarabağ savaşındakı məğlubiyyətini başqa ölkələrin üzərinə atmaq istəyi tamamilə başadüşüləndir. Bu məğlubiyyət Ermənistanın və erməni toplumunun bütün xəyallarının üzərindən xətt çəkdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Ermənistan eyni zamanda 30 il ərzində işğal altında saxlanmış Azərbaycan ərazilərinə nəzarəti itirmiş oldu. Bu, təbii ki, Ermənistan üçün tarixi və sarsıdıcı məğlubiyyətdir. Belə bir məğlubiyyəti heç bir siyasi qüvvə və siyasətçi öz üzərinə götürmək istəməz. Ona görə də Paşinyan hakimiyyəti kənarda günahkar axtarmaq məcburiyyətində qalır. Belə günahkarların sırasında da Rusiya və Belarus Paşinyan üçün ən uyğun variant kimi görünür.
Birincisi, Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatları ilə Rusiyaya qarşı qarşıdurma vəziyyətindədir. Ona görə də Rusiyanı ilk hədəf kimi seçir. İkinci hədəf kimi də Belarusu seçməsinin əsas səbəbi ondan ibarətdir ki, Belarus Azərbaycanla çox yaxın, yaxşı münasibətlərə malik olan MBD dövlətidir. Belarus müstəqillik dövrünün bütün mərhələlərində Azərbaycanla yaxın münasibətlərini qoruyub saxlayıb. Bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf etdirməyə cəhd göstərib. Buna da böyük ölçüdə nail olub. Belarus Prezidenti Aleksandr Lukaşenko dəfələrlə Ermənistanı tənqid edib. Bəzən açıq, bəzən də dolayısı yolla Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığını bildirib. Təbii ki, KTMT-də bu səbəbdən də bir neçə dəfə Belarus və Ermənistan arasında ziddiyətlər ortaya çıxıb. Bütün bunları nəzərə alanda Paşinyan hakimiyyətinin məhz Rusiyanı və Belarusu hədəfə alması gözlənilməz deyil. Xüsusilə də indiki dövrdə Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı müəyyən etiraz dalğasının olduğu, eyni zamanda bu etiraz dalğasının erməni diasporu, erməni kilsəsi və Qarabağ klanının ortaq fəaliyyəti, yəni erməni üçlüyünün ortaq fəaliyyəti ilə baş verməsi Ermənistanda Paşinyan hakimiyyətinin vəziyyətini nisbətən çətin vəziyyətə salıb. Ona görə də günahkarları kənarda axtarmaq, Paşinyan hakimiyyətinə qarşı ittihamları zəiflətmək üçün belə varianta əl atırlar. Əslində, tamamilə absurd bir iddiadır. Çünki döyüş meydanında iki ölkə üz-üzə gəlib. Azərbaycan və Ermənistan orduları arasında müharibə baş verib. Azərbaycan ordusu tarixi və böyük qələbə qazanıb. Bu tarixi və böyük qələbə Ermənistanın bütün mövqelərini sıradan çıxarıb, erməni layihəsini Cənubi Qafqazdan silib, süpürüb, atıb. Belə bir şəraitdə də kənarda günahkar axtarmaq tamamilə absurddur. Vuruşan iki dövlət olub. Bu savaşdan Azərbaycan qalib olaraq ayrılıb".