Tacikistan Prezidenti ilə görüşdə Azərbaycanın fokuslandığı hədəf bir daha çatdırıldı-Şəbnəm Həsənova- ÖZƏL
23 May 2024 15:50 Siyasət"Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizə reallaşdırdığı xüsusi statuslu dövlət səfəri, bütövlükdə iki dövlət başçısının müntəzəm görüşməsi Azərbaycan-Tacikistan münasibətlərinin nəinki yaxın, dərinləşdirilməsinin də arzu edilən, səmimi olduğunun təzahürüdür".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Geniş tərkibdə nümayəndə heyəti ilə keçirilən görüş və imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi sadəcə kəmiyyət deyil, keyfiyyət baxımından da münasibətlərin bir üst mərtəbəyə qaldırılması yolunda atılan fundamental addımdır. Dövlət başçıları arasında şəxsi dostluq münasibətləri zəminində reallaşdırılan qarşılıqlı səfərlər necə ənənə halını alıbsa, bundan sonra dövlət və hökumətlərarası təmaslar da intensivləşəcək. Cənab Rəhmonun Azərbaycanı Tacikistanın etibarlı dostu və tərəfdaşı adlandırması heç də təsadüf deyil. Dövlətimizin güvəniləcək, etibar ediləcək və etimad göstəriləcək aktora çevrilməsi cənab Prezident İlham Əliyevin bu günə qədər icra edilən gərgin əməyinin nəticəsidir. Hələ o reallıqlar fonunda ki, həm münasibətlərə ziddiyyətli, keşməkeşli, mürəkkəb kombinasiyaların axarında belə zədə vurulması önündə dövlət başçımız möhkəm dayandı, həm də regional və beynəlxalq məsələlərə ortaq pəncərədən baxış istiqamətinin dəyişdirilməsinə icazə verilmədi. Məhz bu da etimad zəncirini daha da bərkitdi. Məsələ ondan ibarətdir ki, əlaqələrin inkişafı sadəcə dövlətlər, qurumlar, institutlar səviyyəsində dayanmır, inkarolunmaz ortaq keçmiş reallığı, xalqlar arasında yaxınlaşmağa təkan verən humanitar əlaqələr münasibətlərin istiləşməsinə, daha səmimi bir görkəm almasına gətirib çıxarır. Sadəcə Tacikistanla deyil, son zamanlarda Mərkəzi Asiya dövlətləri ilə imzalanan sənədlər tarixi qərarlardır. Bu, fundamental məsələlərə baxışda dövlətlərin və xalqların yanaşması baxımından verilən qərar, göstərilən mövqedir. Mövcud sənədlərin məzmunu tariximizin inkarolunmazlığı baxımından dünənə olan hörmət, həm də gələcəyə baxış baxımından digər tərəflərə münasibətdə heç bir halda destruktivliyə yol vermədən qurucu simaya malikdir. İstər Tacikistan, istər Mərkəzi Asiya, istərsə də beynəlxalq aktorlarla qurulan bütün uğurlu münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dərin təfəkkürrünün məhsuludur ki, mövcud amil cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib şaxələndirilməklə yanaşı, dövlət və hökumət başçıları tərəfindən təqdir olunur, xalqımızın böyük oğlunun ruhu rəhmətlə anılır.
Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə, sonrasında da nail olduğu silsilə uğurlarla sadəcə ərazi bütövlüyü və suverenlik məsələsini həll etmədi, həm də arealı olduqca geniş bir siyasət yürütməyi önünə hədəf qoyaraq bu yolda qətiyyətlə addımlayır. Bu işdə nəqliyyat-logistika imkanlarının genişlənməsi əsas məsələdir. Təsadüfi deyil ki, logistika bu gün beynəlxalq ticarətin can damarı adlandırılır. Çünki zəncir sadəcə istehsalçılarla istehlakçılar arasında çatdırılmanı, geniş məsafələr üzrə effektiv hərəkəti təmin etmir, həm də beynəlxalq əlaqələrin tənzimlənməsi işində görünməz qüvvə rolunu oynayır, buna əvəzolunmaz töhfə verir. Eyni zamanda bütün tərəflərə aydın olan təbii məsələ odur ki, qarşılıqlı mübadilə olmadan əlaqələrin qurulması, etimad mühitinin yaradılması, demək olar ki mümkünsüzdür. Buna görədir ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılmasında bu qədər maraqlı, qətiyyətlidir. Görüş əsnasında da dövlət başçımızın Transxəzər nəqliyyat dəhlizinin Avropa və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb etdiyini, ölkəmizin qovşaq olmasını vurğulaması Azərbaycanın fokuslandığı hədəfin bir daha çatdırılmasıdır.
İllər ərzində Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturunun yaradılması, beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunmağımız, reallaşdırdığımız irihəcmli infrastruktur layihələri, Avropa ilə Asiya arasında nəqliyyat qovşağı və tranzit mərkəzə çevrilməyimiz, bütün bunların fövqündə isə sərgilədiyimiz mövqe, ortaya qoyduğumuz yanaşma dövlətimizin, onun uzaqgörən, əzəmətli rəhbərinin möhtəşəm uğurudur. Bu gün Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Xalqın iqtidara olan inamı və rəhbərinə olan səmimi sevgisi və etimadı nəticəsində dövlətimizin nüfuzu artır, xalqımızın isə dost xisləti bir daha dünyaya sübut olunur".