Ermənistanın düşdüyü ağır durumun səbəbkarı KTMT və ya Rusiya deyil-Vüqar Əhmədov- ÖZƏL
23 May 2024 15:23 SiyasətPaşinyan "KTMT-yə üzv iki ölkəni Azərbaycana yardımda ittiham edib: "2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər. Mən KTMT-nin iki ölkəsini tanıyıram ki, bizə qarşı müharibəyə hazırlıqda iştirak edib".
Paşinyanın bu açıqlamayla Rusiya və Belarusu ittiham etdiyi düşünülür.
"Paşinyanın açıqlamaları ağ yalandır, heç bir KTMT ölkəsi müharibəyə hazırlıqda iştirak etməyib. Müharibə gözlənilməyən bir anda baş verib, Azərbaycan özü öz torpaqlarını işğaldan azad edib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Əgər bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Qarabağa, Şuşaya səfərə gəlirsə, bu, Azərbaycan xalqına, dövlət başçısına olan hörmətdən və Azərbaycanla güc mərkəzi kimi hesablaşmağından irəli gəlir. Ermənistan Baş naziri blef etməklə məşğuldur, digər tərəfdən Rusiya, yaxud Belarus necə Ermənistana kömək edə və yaxud hərbi əməliyyatlara qoşula bilərdi? Qarabağ dünya birliyi tərəfindən tanınmış Azərbaycan torpaqlarıdır və üstəlik Azərbaycan rəhbərliyi ilə bu ölkələrin yüksək siyasi əlaqələri vardır. Ona görə bu, mümkün olan iş deyildi və Paşinyana bu fakt sadəcə Rusiya ilə münasibətləri gərginləşdirmək, KTMT-dən ayrılmaq üçün tez-tez istifadə etdiyi əsassız arqumentdir. Paşinyan heç özü də bilmir ki, öz hakimiyyəti və Ermənistan üçün nə istəyir. Əgər KTMT-dən uzaqlaşıb bunu NATO ilə əvəzləmək istəyirsə, bu, yaxın perspektivdə real görünmür. Paşinyan bir tərəfdən açıqlama verir ki, KTMT, Rusiya və Belarus bizi Qarabağ müharibəsində müdafiə etmədi, digər tərəfdən isə deyir ki, bölgədə Rusiya ordusu qalmamalıdır. O zaman nəyə görə Rusiya ordusunu onu müdafiə etmək üçün çağırırdı?
Əslində 44 günlük müharibədən də bilirik ki, Rusiyanın qızğın döyüşlərdə tutduğu mövqe neytral olmaqdan daha çox elə müəyyən qədər erməniləri müdafiə edən mövqe oldu. Azərbaycanın xeyrinə Vladimir Putin yalnız bir bəyanat verdi və dedi ki, Qarabağ dünya birliyi tərəfindən Azərbaycanın tanınan ərazilərdir. Müharibə müddətində isə faktiki hərbi əməliyyatlarda iki dəfə humanitar atəşkəs elan olundu və bu Moskvanın vasitəçiliyi ilə həyata keçirildi, bu hal isə elə daha çox ermənilərə sərf edirdi, çünki irəliləyən tərəf Azərbaycan idi. Azərbaycan da heç bir dövlətin deyil, məhz Rusiyanın humanitar atəşkəs vasitəçiliyinə razilaşdı, daha sonra Xankəndi və digər şəhərlərdə erməni mülki əhalinin təhlükəsizliyinə təminat vermək üçün Rusiya kontingenti bölgəyə gəldi, məncə bundan artıq Rusiya Ermənistan üçün heç nə edə bilməzdi. Sadəcə bütün bu müddət ərzində Ermənistan və onun baş naziri Rusiya ilə münasibətləri doğru və düzgün dəyərləndirə bilmədi və indi uduzduğu müharibəni başqa dövlətin ayağına yazmağa çalışır. Qarabağla bağlı uğursuzluğuna görə indi Paşinyan əleyhinə ölkə daxilində müqavimət güclənir və Paşinyan kənarda düşmən obrazı yaratmaqla səhvləri özündən uzaqlaşdırmağa cəhd edir. Aydın məsələdir ki, Ermənistanın bu günkü məğlubiyyəti, düşdüyü ağır durumun səbəbkarı KTMT və ya Rusiya deyil, birbaşa Ermənistanın öz siyasi rəhbərliyidir. Ohanyan və digərlərinin məsuliyyətsiz bəyanatları, öz xalqını illərdir yalan və illüziyada yaşatması, yalançı güclü ordu mifi bu acı nəticələrə gətirib çıxardı və indi artıq kimisə günahlandırmaqla Paşinyan nəyisə dəyişmək gücündə deyil.
Rusiya Ermənistan münasibətlərinə və hazırkı bəyanatlara gəldikdə isə mən belə hesab edirəm ki, Rusiya bu müddət ərzində Ermənistana daha çox dəstək verib, pulsuz silah və yardım göstərib və əlbəttə ki, torpaqları işğalda altında olan qarşı tərəf kimi bunlar hər zaman bizi narahat etmişdir".