Ermənistanın Qarabağdakı məğlubiyyətində özündən başqa heç bir ölkənin günahı və iştirakı yoxdur - ÖZƏL
23 May 2024 15:08 Siyasət"Ermənistanın işğal etdiyi Qarabağdakı məğlubiyyətində bu ölkənin özündən başqa heç bir ölkənin günahı və iştirakı yoxdur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ermənistan dünyanın tanıdığı bir ölkənin ərazisini işğal etmişdi və təbiidir ki, həmin işğalla nə torpağı işğal olunan Azərbaycan, nə də dünya dövlətləri barışmırdı və bunu Ermənistanın diqqətinə çatdırırdılar. Çağırışlar da edilirdi ki, könüllü şəkildə, dinc yolla torpaqlardan çəkilsinlər. Amma uzun illər Rusiya Ermənistana açıq dəstək verdiyinə görə onlar daha da irəli gedirdilər və nəticədə gəlib ora çıxdılar ki, baş nazir Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" deyərək, məsələni guya bitirmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev də ondan az sonra "Qarabağ Azərbaycandır və nida" deyərək, hökmünü verdi, ardından da Ermənistanın növbəti təxribatının qarşısını alarkən, Azərbaycan Ordusu tam qüvvə ilə hücuma keçib, torpaqlarımızı işğaldan azad elədi. Yəni, burada Rusiyanın heç bir iştirakı yoxdur. Rusiya heç bir şəkildə bu məsələdə iştirak etməyibsə, Ermənistan niyə Rusiyanı günahlandırır ki? Sadəcə olaraq Ermənistan zəif idi, elə torpaqlarımızı işğal edərkən də zəif idi. Rusiya ona kömək etmişdi, torpaqlarımızı işğal etməyi bacarmışdı. Sonra Rusiya baxdı ki, Azərbaycanla bu qədər oynamaq olmaz, hesablaşmaq lazımdır. Ona görə də bu məsələdə artıq neytrallığa üstünlük verməyə başladı və neytrallığı da ona gətirib çıxardı ki, döyüş meydanında Azərbaycanla Ermənistan təkətək, üz-üzə qaldılar və onda bəlli oldu ki, kim daha güclüdür. Azərbaycan dövləti, onun igid əsgərləri, Müzəffər Ali Baş Komandan, onun əsgərləri, hər kəs əl-ələ verib, Ermənistana göstərdi ki, biz öz gücümüzə torpaqlarımızı işğaldan azad edə bilərik və etdik də. İndi Rusiyanı itiham etməyin heç bir yeri, mənası yoxdur. Çünki dediyim kimi, Rusiya bu məsələdə iştirak etməyib, sadəcə olaraq neytrallı nümayiş etdirib və o neytrallıq da nəticə etibarilə Ermənistana da meydan verib ki, daha güclü olduğunu sübut eləsin, edə bilməyib, Azərbaycan daha güclü çıxıb. Yəni nə Azərbaycanın, nə də Ermənistanın o torpaqların azad edilməsində Rusiyanı itiham etməyə və yaxud da ki, Rusiyaya haqq qazdırmağa, nəsə bir söz deməyə ixtiyarı yoxdur. Biz düşünürük ki, Ermənistan günahı özündə axtarmalıdır ki, niyə bu qədər zəifdirlər? Bax, bu suala özləri cavab tapsalar, biləcəklər ki, burada Rusiyalıq heç nə yoxdur".