Ərazilərimizin bərpasında İranın iştirakı iki ölkənin münasibətlərini daha da zənginləşdirəcək- ÖZƏL
23 May 2024 11:52 Siyasət"Azad edilmiş Azərbaycan rayonlarında İranın investisiya fəaliyyətləri üçün açılmış imkanlar demək olar ki, tam yeni istiqamətdir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sözlərinə görə, ərazilərimizin bərpasında İranın özəl və dövlət sektorunun iştirakı iki ölkənin münasibətlərini daha da zənginləşdirəcək: "İki ölkənin sərhədində qanunsuz işğal rejiminə son qoyulması Azərbaycan və İran üçün həm də müstəsna əhəmiyyətli, daha möhkəm təhlükəsizlik məsələsidir. İran-Azərbaycan münasibətlərindəki yeni dövr Şimal-Cənub dəhlizində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Astaraçay üzərində yeni körpunun salınması belə imkanların hələ genişlənəcəyini göstərir. Ölkəmizin başçısı bunu yüksək qiymətləndirərək bildirmişdir ki, "Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq". Hazırda Azərbaycan - İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir. Azərbaycan-İran əməkdaşlığı hazırkı məzmununa görə müharibədən əvvəlki dövrlə müqayisədə daha geniş, çoxşaxəli və sürətlidir. Yüksək səviyyəli münasibətlər Azərbaycanın qalibiyyətli müharibə ilə bölgədə yaratdığı yeni reallıqların və iki ölkə rəhbərliyinin yeni imkanlara tam real baxa bilmələrinin nəticəsidir".