Paşinyan hakimiyyəti mövqelərini möhkəmləndirməyə başlayıb- ÖZƏL

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası müxalifətin addımları fonunda baş nazir Nikol Paşinyanın mümkün istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etmədiklərini bəyan edib.

"Əslində "Paşinyanın istefasına ehtiyac yoxdur" məzmunlu açıqlama Ermənistanda hazırda yaranmış vəziyyətdən qaynaqlanır. Çünki erməni üçlüyü, yəni erməni kilsəsi, erməni diasporu və Qarabağ klanı Paşinyan hakimiyyətini devirmək üçün əlindəki son resursları toplayıb meydana çıxmışdı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ancaq son vaxtlar artıq bu aksiyalar ciddi şəkildə zəifləyib, əhəmiyyətini itirmək üzrədir. Ona görə də Paşinyan hakimiyyətinin təmsilçiləri Baş nazirin istefasına ehtiyacın olmadığı barədə açıqlamaları belə rahatlıqla verə bilirlər. Əgər situasiya fərqli olsaydı, yəni kilsə qiyamı daha böyük təsirlərə malik olmuş olsaydı, bütün Ermənistan ərazisinə yayılmış olsaydı, Paşinyanın yaxın ətrafı belə açıqlamalar verməyə cəsarət etməzdilər. Hətta müəyyən mərhələdən sonra Baş nazir Nikol Paşinyan həqiqətən də istefa verə bilərdi. Ancaq indiki situasiya belədir ki, istefa barədə danışmağa artıq ehtiyac qalmayıb. Çünki kilsə qiyamı getdikcə zəifləyir, əhəmiyyətini itirir. Paşinyan hakimiyyəti özünün mövqelərini möhkəmləndirməyə başlayıb və böyük ehtimalla yaxın bir neçə ay ərzində bu qüvvələr küncə sıxışdırılmış Paşinyan hakimiyyətinə ciddi təsir və yaxud da müqavimət göstərmək imkanından uzaqlaşacaqlar. Böyük ehtimalla həmin dövrdən sonra da Paşinyan hakimiyyəti sülh prosesində daha müstəqil addımlar atmaq imkanları qazanacaq. Ona görə də Ermənistanda bundan sonra kütləvi etiraz dalğasının daha da genişlənmə ehtimalı o qədər də inandırıcı görünmür. Əksinə, bu etiraz dalğası hazırda zəifləmək istiqamətində inkişaf edir və yaxın vaxtlarda da böyük ehtimalla məğlubiyyətlə üzləşib, kənara çəkilməli olacaqlar. Onu da qeyd etmək lazımdır ki, yəqin ki, Paşinyan hakimiyyəti hazırda ona qarşı etiraz dalğasına rəhbərlik edən qüvvələri, xüsusilə də Qarabağ klanı və erməni kilsəsini küncə sıxışdırmaq, zəiflətmək üçün əlindən gələni edəcək. Hətta kütləvi həbslərin olma ehtimalı da qətiyyən istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31