Ermənistanın çıxış yolu nədir?-Sahil Kərimli- ÖZƏL
22 May 2024 15:50 SiyasətErmənistanın "Past" qəzetində ölkənin Türkiyə və Azərbaycandan iqtisadi asılı vəziyyətə düşə bilmə ehtimalı haqqında məqalə dərc olunub:
"Aydındır ki, Türkiyə və Azərbaycan kapitalı, malları və enerjisi Ermənistana daxil olsa, ölkəmiz gələcəkdə gözlənilən ağır nəticələrlə birlikdə bu ölkələrdən iqtisadi asılı vəziyyətə düşəcək. Başqa sözlə, Ermənistan iqtisadiyyatı Türkiyənin ixtiyarında olacaq və əgər bir gün Ankara yenidən məhdudiyyətlər tətbiq etmək qərarına gəlsə, Ermənistan iqtisadiyyatı çökə bilər".
Məqaləilə bağlı Olaylar.az-a açıqlama verən Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli qeyd edir:
"Bu cür nəşrlərin yaydığı məlumatlar, Ermənistanda bəzi siyasi dairələrin, siyasətçilərin və analitiklərin bu cür təxribatçı açıqlamaları qeyri-sağlam və xəstə təfəkkürün nəticəsidir. Çünki reallıq bundan ibarətdir ki, bölgədə yerləşən ölkələr bir- biri ilə iqtisadi əməkdaşlığa üstünlük verməlidir. Nəzərə alsaq ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüyündən, uzun müddət bölgədə təcrid olunmuş vəziyyətə düşüb. Bu da Ermənistan iqtisadiyyatında çox dərin böhranlar yaradıb. Ermənistan bir dövlət kimi tamamilə zəifləyib və iqtisadiyyatı durmadan geriləyib. Bu gün Ermənistanın yeganə çıxış yolu bölgədə yerləşən ölkələrlə münasibətləri normallaşdırmaq və gələcək iqtisadi əməkdaşlıqların təməlini qoymaqdan ibarətdir. Ermənistan yaxşı anlamalıdır ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması, Azərbaycanla sülh müqaviləsinin imzalanması gələcəkdə Ermənistanın bölgəsəl iqtisadi layihələrə qoşulması deməkdir. Ermənistan nəqliyyat, kommunikasiya xabına qoşularsa, buradan çox böyük iqtisadi dividendlər əldə edəcəkdir. Xüsusilə onu vurğulamaq lazımdır ki, iqtisadi əməkdaşlıq heç də Ermənistanın və yaxud da bölgədə yerləşən hansısa bir ölkənin digər ölkənin, dövlətin təsiri altına düşməsi demək deyil. İqtisadi əməkdaşlıq dünyanın bütün ölkələri, xüsusilə də qonşu ölkələr tərəfindən qarşılıqlı olaraq həyata keçirilir. Burada hər bir ölkə müstəqil iqtisadi siyasət yürüdərək öz dividendlərini qazanır. Yəni bu məsələlərə bu cür rəng vermək, məsələləri bu istiqamətə, bu məcraya yönəltmək, hər hansısa bir neqativ axtarmaq yenə də erməni cəmiyyətinin sağlam olmayan xəstə düşüncəsindən irəli gəlir".