Ölkədəki siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır- ÖZƏL

"Ötən həftə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Görüşdən də məlum oldu ki, bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Təsadüfi deyil ki, son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanatlar və müraciətlər uğurlu siyasi dialoqun, xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi həyata keçirilən islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Belə ki, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı görüşlər keçirilir. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislərin ayrılması, azad olunmuş ərazilərə birgə səfərlərin təşkilini xüsusi qeyd etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31