Bu dostluğun dərin kökləri, dərin tarixi var-Yusif Bağırzadə- ÖZƏL

"Azərbaycan və İran xalqlarının dostluq və qardaşlıq münasibətlərinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlər yeni məna kəsb etmişdir". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Ümumiyyətlə isə ölkəmiz öz milli maraqları çərçivəsində bütün ölkələrlə, xüsusilə də qonşu dövlətlərlə münasibətlərin inkişafında hər zaman maraqlı olub və öz xarici siyasətində də bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində addımlar atıb. 
Bu kontekstdə cənub qonşumuz  İran İslam Respublikası ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. İranla bizim ortaq tariximiz və mədəniyyətimiz var. Digər tərəfdən, İranın İslam dünyasında rolu və əhəmiyyəti də kifayət qədər böyükdür. İslam dünyasının bir parçası olaraq ölkəmiz də İranla münasibətlərin ən yüksək səviyyədə olmasında maraqlıdır və bu istiqamətdə bir xeyli işlər görüb. 
Məlumdur ki, müəyyən bir dövrdə İranda Azərbaycanla dostluğu pozmağa çalışan qüvvələr müxtəlif təxribatlar törətdilər. Onlar nəyin bahasına olursa-olsun iki qonşu dövlət arasında münasibətləri kəskinləşdirməyə cəhdlər edirdilər. Lakin sevindirici haldır ki, onlar meydan qazana bilmədilər və Azərbaycan Prezidenti də mayın 19- da "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimindəki çıxışında "keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb" deməklə, bədxahların arzusunu gözündə qoydu. Keçirilən görüş göstərdi ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bu iki ölkənin arasına girə bilməz. Dövlət başçımızın da bildirdiyi kimi, bu səylər əbəsdir və keçirilən mərasim bunu bir daha sübut etdi.
Qeyd edim ki, Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi iki ölkə rəhbərliyinin yaxşı münasibətlər qurmağa olan siyasi iradəsini göstərdi. Şübhəsiz ki, görüşdən bir neçə saat sonra İran Prezidenti İbrahim Rəisi və digər İran rəsmilərinin helikopter qəzasına düşməsi və dünyasını dəyişməsi çox üzücü hadisə oldu və hər birimizi kədərləndirdi. Allah rəhmət eləsin. Ancaq cənab Rəsinin son açıqlamaları və Azərbaycanla münasibətlər ilə bağlı dedikləri hər zaman xatirələrdə qalacaq. İran-Azərbaycan əlaqələrini xarakterizə edən Rəisi "Biz qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir" deməklə həm özünün həm də İranın Ali dini liderinin timsalında Azərbaycan verilən önəmi açıq şəkildə bəyan etmiş oldu. Cənab Rəisi həmçinin Xudafərin hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışını regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisi adlandıraraq bunun düşmənlər üçün qısqanclıq yaratdığını da bəyan etdi. 
Ümüumiyyətlə isə açılış mərasiminin keçirilməsi, hər iki ölkənin dövlət başçılarının orada verdiyi açıqlamalar, mesajlar kifayət qədər önəmli məsələdir. Cənab Prezident İlham Əliyev İran-Azərbaycan əlaqələrini xarakterizə ederkən dediyi kimi "Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Bizim çox gözəl siyasi əlaqələrimiz vardır".
Cənab Prezidentin Azərbaycan-İran sərhəddini dostluq, qardaşlıq sərhədi adlandırması da ölkəmizin bütün davranışlarında regional siyasətə sadiqliyini göstərir. Prezident açıq şəkildə bəyan etdi ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Bu, kifayət qədər aydın mesajdır və dövlətimizin bölgənin əmin-amanlığı üçün əlindən gələn hər şeyi etməsinin bariz nümunəsidir.
Bu gün İranla münasibətlərin inkişafı kontekstində nəqliyyat dəhlizlərində, energetika sahəsində böyük əməkdaşlıq perspektivlərinin olduğu ortadadır və hər iki tərəfin də bu istiqamətdə ortaq maraqlar kontekstindən çıxış etməsi üçün siyasi iradə ortaya qoyduğu görünür. Bu isə olduqca vacibdir. Çünki, bu həm də bölgənin sabitliyi və inkişafı üçün mühüm faktorlardır. Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, tezliklə Azərbaycanın səfirliyi Tehranda yeni bir ərazidə fəaliyyətə başlayacaq.  
 Son olaraq qeyd edim ki, Azərbaycan və İran rəhbərlərinin sərhəddəki görüşdə verdiyi açıqlamalar iki ölkə arasında münasibətlərdə dostluq, qonşuluq və mehriban münasibətlərin bundan sonra da davam etməsinin zəruriliyini bir daha ortaya qoymuş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31