Yaxın gəlcəkdə iki ölkə arasında münasibətlərin yeni istiqamətləri özünü büruzə verəcək- ÖZƏL
21 May 2024 14:22 Siyasət"Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri zamanı əldə edilmiş razılaşmanın nəticəsi olaraq yaxın gəlcəkdə iki ölkə arasında münasibətlərin yeni hüdudları, yeni müəssisələr, yeni iş yerləri, həmçinin əməkdaşlığın yeni istiqamətləri özünü biruzə edəcək". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib:
"Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Ölkə başçısı qeyd etdi ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək. Səfər zamanı həmçinin ölkələrimizin münasibətlərinin son illərdə inkişafı müfəssəl şəkildə təhlil edilmiş və gələcəkdə qarşılıqlı fəaliyyət yolları müəyyənləşdirilmişdir. Məlum olduğu kimi həm Belarusda, həm də ölkəmizdə birgə istehsalın təşkili bir çox illər öncə yaradılmışdır. Bura maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı və nəqliyyat sahəsində əlaqələr daxildir".