Ermənistan heç bir hərbi müdaxilə olmadan sıradan çıxa bilər- ÖZƏL

"İstənilən halda Ermənistanın  Azərbaycan və Türkiyə ilə, yəni Türk İttifaqı ilə yaxın münasibətlər qurmaqdan başqa alternativi yoxdur. Çünki elə bir situasiya yaranıb ki, artıq hamıya məlumdur ki, nə ABŞ, nə də Avropa Birliyi Ermənistana erməni toplumunun umduğu səviyyədə dəstək vermir. Yəni  Ermənistan iqtisadiyyatı, Ermənistan dövləti, ümumilikdə nə ABŞ, nə də Avropa Birliyi üçün o qədər də maraqlı deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Sadəcə indiki dövrdə Ermənistan dövlətindən geopolitik alət kimi istifadə etməyə çalışırlar.  Artıq Qərbdə də anlayırlar ki, Ermənistan hətta geopolitik alət funksiyalarını yerinə yetirmək üçün də yararlı bir dövlət deyil. Ona görə də qətiyyən şübhə doğurmur ki, istənilən çətin situasiyada Ermənistana dəstək üçün Qərbdən kimsə tələsmir. Ermənilər, Ermənistan və yaxud da Ermənistan cəmiyyəti, erməni toplumu əvvəl -axır anlamalıdır ki, Ermənistanın bir dövlət kimi mövcudluğu, ümumiyyətlə, inkişaf perspektivləri yalnız Türk İttifaqı ilə bağlıdır. Yalnız Türk İttifaqından asılıdır. Əgər Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasa, bir dövlət olaraq çöküb, sıradan çıxma təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Ona görə də ermənilərin bu məsələyə daha ciddi yanaşmaları lazımdır. Onu da qeyd etmək lazımdır ki, hətta Ermənistan iqtisadiyyatı ümumi götürdükdə, heç Azərbaycan və Türkiyə üçün də qətiyyən maraqlı deyil. Çünki Ermənistan iqtisadiyyatının istehsalı və yaxud da ixracı, idxalı Azərbaycan və Türkiyə iqtisadiyyatı üçün olduqca böyük əhəmiyyət daşıyacaq səviyyədə deyil. Amma Ermənistan Azərbaycanla da, Türkiyə ilə də iqtisadi, ticari əlaqələr qura bilər və bu iqtisadi, ticari əlaqələrin sayəsində də yeni maliyyə gəliri qaynağı əldə edə bilər. Bunun da hesabına ayaqda qala bilər, yəni mövcudluğunu qoruya bilər. Çünki son dövrlərdə də sübut olundu ki, Ermənistan Qərbdən, ABŞ-dən gözlədiyi dəstək yağışı, maliyyə yağışı, Qərbdən umduğu şeylərin heç biri baş vermədi və baş vermə ehtimalı da yoxdur. Ermənistan indiki vəziyyəti ilə heç kimə lazım deyil. Ona görə də əgər Ermənistan bir dövlət kimi mövcudluğu barədə düşünürsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq məcburiyyətindədir. Yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılacağı, artırılacağı təqdirdə Ermənistanın inkişaf perspektivləri yarana bilər.  İndiki situasiyada Ermənistanın heç bir inkişaf perspektivi yoxdur və hətta Ermənistanın yaxın gələcəkdə mövcudluğu təhlükə qarşısındadır. Hətta heç bir hərbi müdaxilə olmadan belə sıradan çıxa bilərlər. Ermənistanın iqtisadiyyatı faktiki olaraq çökmək üzrədir. Əgər Ermənistan ağlını başına yığıb, indidən etibarən Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasa, Azərbaycanla sülh müqaviləsi imzalamasa, Azərbaycan və Türkiyə ilə iqtisadi, ticari əlaqələr qurmasa, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq sayəsində öz dövlətçiliyini xilas etmək barədə düşünməsə, yaxın gələcəkdə Ermənistan sadəcə Rusiyanın quberniyası, hətta rəsmi quberniyası olacaq. Başqa çıxış yolları yoxdur. Ya Azərbaycanın və Türkiyənin sayəsində xilas olacaqlar, ya da Rusiyanın quberniyası olaraq davam edəcəklər. Yəni dövlətçiliklərini itirəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31