Azərbaycan-Belarus əlaqələrinin inkişafında yeni mərhələ- ÖZƏL
21 May 2024 11:42 Siyasət"Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafında yeni mərhələnin başlanğıcı oldu. Xüsusi əhəmiyyəti, səmərəliliyi və məhsuldarlığı ilə yadda qalan rəsmi səfər eyni zamanda bir sıra mühüm məqamlarla da əlamətdar oldu. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasındakı əlaqələrin gələcək inkşafına təkan və öz töhfəsini verəcək". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, səfərlə əlaqədar ölkə Liderləri mətbuata bəyanatlarla çıxış etdilər: "Çıxışında dövlət Başçımız ölkələrimiz arasındakı mövcud əməkdaşlıq sahələrinin inkşafından, dostluq münasibətlərindən bəhs edərək Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunduğunu qeyd etdi.
Dünyada vəziyyətin sürətlə mənfi istiqamətdə dəyişdiyini vurğulayan cənab Prezidentimiz İlham Əliyev yeni münaqişələrin və qeyri-sabitlik ocaqlarının yarandığını bildirdi: Dövlətimizin başçısının da qeyd etdiyi kimi hazırda dünya qeyri sabit və mənfi proseslərlə, böhranlarla, terrorlarla çalxalanmaqdadır. Çox şükürlər olsun ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı unikal siyasət nəticəsində ölkəmiz dünyada qeyri sabit proseslər fonunda ölkəmizdə tam sabitlik hökm sürür və bütün mənfi təsirlərdən, proseslərdən tam kənardayıq.
Çıxışında Belarus prezidenti Aleksandr Lukaşenko ölkəmiz haqqında bu fikirləri səsləndirdi:"Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik... Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir."
Belarus Liderinin bu fikirləri bir daha Azərbaycanın dünya miqyasında malik olduğu gücünü və qüdrətini, artan nüfuzunu və eyni zamanda ölkəmizdə həyata keçirilən sülh və quruculuq siyasətinin dünya dövlətləri tərəfindən təqdir edildiyini, nümunə kimi qəbul olunduğunu göstərmiş oldu".