Azərbaycan-Belarus əlaqələri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və uğurla inkişaf edir-Yusif Bağırzadə- ÖZƏL
21 May 2024 10:50 Siyasət"Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Bu səfərin əlaqələrimizin inkişafına böyük təkan verəcəyi şübhəsizdir".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.
Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və uğurla inkişaf edir. İkitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və bunu dəfələrlə rəsmi tribunalardan bəyan edib.
Ümumiyyətlə qeyd edim ki, Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir. İstər SSRİ tərkibində müttəfiq respublikalar olaraq, istərsə də müstəqillik dönəmində iki ölkə arasında olduqca yaxşı əlaqələr qurulmuş və inkişaf etdirilmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Belarus arasında müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Ölkələrimiz arasında maşınqayırma da daxil olmaqla, sənaye kooperasiyası, birgə istehsal, həmçinin hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı perspektivlərinin müzakirə olunması münasibətlərin sonrakı mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Belarus Prezidentlərinin görüşündə bir sıra məsələlərlə yanaşı postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də geniş şəkildə müzakirə olundu. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. Cənab Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirib.
Bu xüsusda Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə, Füzuliyə və Şuşaya səfərini xüsusi olartaq qeyd etməyə ehtiyac var. Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir.
Şübhə yoxdur ki, Belarus Prezidentinin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçidinə güclü təkan olacaq".