İran-Azərbaycan əlaqələrinin inkişafının region inkişafına təsiri- ÖZƏL

"İran və Azərbaycan bir-birinə dost, qardaş, qonşu dövlətlərdir. Hər iki ölkənin liderləri arasında hər zaman yüksək səviyyəli dialoq və əməkdaşlıq mövcud olmuşdur. Xüsusən beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd etmək olar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Regional, infrastruktur, enerji və nəqliyyat dəhlizləri ilə bağlı iki ölkə arasında razılaşmaların əldə olunmasını bu münasibətlərin əsas uğur göstəricisi kimi qeyd etmək olar. Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun qurulması əlaqələrin regional əhəmiyyətini bir daha ortaya qoyur. Əldə olunmuş razılaşmalar Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu, sözsüz ki, regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir".

V.Əhmədov qeyd edir ki, regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətində İranla Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur. 

"Burada 3+3 formatının əhəmiyyətini qeyd etmək lazımdır. İran bölgənin əsas regional aktorlarından biri kimi 3+3 formatında aktiv şəkildə iştirak edir və bu uğurlu regional əməkdaşlıq modelinə öz töhfəsini verir".

Siyasi şərhçinin sözlərinə görə, bundan sonra da İran-Azərbaycan əlaqələri inkişaf edəcək və bölgənin inkişafına öz töhfəsini verəcək. 

"Qeyd etmək lazımdır ki, iki ölkə arasında siyasi əlaqələrin uğurlu təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Düşünürəm ki, İran və Azərbaycan xalqlarının ortaq tarixi kökləri və milli-adət ənənələr baxımından bir-birinə bağlılığı məhz bu əlaqələrin möhkəm təməllərə söykəndiyini göstərir və ölkələrimizi daha da birləşdirir. İran-Azərbaycan əlaqələrinin inkişafının ümumilikdə regionun inkişafına faydaları var və bu amil hər zaman Cənubi Qafqazda sülhə və sabitliyə öz töhfəsini verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31