Dövlətlərarası münasibətlərin inkişafına əngəl olan maneələr aradan qaldırılıb- ÖZƏL
21 May 2024 10:33 Siyasət"Azərbaycan-İran münasibətlərində gərgin dövr arxada qalıb və münasibətlərin inkişafı ilə bağlı pozitiv meyllər müşahidə olunur. Prezidentlərin son görüşündə də verilən açıqlamalar bunu deməyə əsas verir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib:
"Azərbaycan-İran münasibətlərində iqtisadi inkişafın təmin olunması, eyni zamanda iki dövlət arasındakı narazılıq doğuran elementlərin aradan qaldırılması ilə bağlı addımların atılması münasibətlərin inkişafını daha da irəliyə daşıya bilər. Azərbaycanın İrandakı səfirliyinə edilən hücumun günahkarı artıq həbs olunub. Eyni zamanda münasibətlərdə gərginliyə yol açan digər faktorların aradan qaldırılması istiqamətində addımlar atılıb. Müəyyən anlaşılmaz məqamlara aydınlıq gətirilib. İqtisadi əlaqələrin daha irəliyə daşınması üçün addımlar atılır, dəmiryolu xətlərinin çəkilməsi planlaşdırılır, iki ölkənin mənafelərinə xidmət edəcək layihələr var. Hesab edirəm ki, bütün bunlar Azərbaycan-İran münasibətlərinin yeni müstəviyə daşınması üçün əsas faktorlardır. İran Prezidenti ilə bağlı baş verən son hadisə Azərbaycan tərəfindən də məyusluqla qarşılanıb və qarşı tərəfə başsağlığı verilib. Hesab edirəm ki, bundan sonra dövlətlərarası münasibətlərimiz daha da irəliyə daşına bilər".