İran-Azərbaycan münasibətləri mehriban qonşuluq prinsipləri üzərində qurulur- ÖZƏL
20 May 2024 21:53 Siyasət"İran-Azərbaycan münasibətləri mehriban qonşuluq prinsipləri üzərində qurulur. Son zamanlar münasibətlərin dərinləşməsi, qarşılıqlı əməkdaşlıq həm siyasi, həm də iqtisadi baxımdan münasibətlərin zirvəyə qaldırılması istiqamətində hər iki ölkə hədəflərə və qarşıya qoyulmuş vəzifələrə doğru irəliləyir. Son günlər İranla Azərbaycan arasında həyata keçirilən nəhəng layihələr buna əyani sübutdur".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Xudafərin və Qız qalası hidroqovşaqlarının istifadəyə verilməsi, İran ərazisindən müxtəlif nəqliyyat kommunikasiya xətlərinin çəkilməsi və bu xətlərin əsas müəlliflərindən birinin Azərbaycan olması, İranla Azərbaycanın nəqliyyat kommunikasiya xətləri istiqamətində həyata keçirdiyi uğurlu layihələr və bu layihələrin gələcəkdə daha da inkişaf etdirilməsi münasibətləri daha da zirvəyə qaldıracaqdır. Əlbəttə ki, İranla Azərbaycanı həm də tarixi ortaq dəyərlər, tarixi köklər birləşdirir. Bizim xalqlarımız tarixən daim dost və qardaş münasibətlərdə olublar. Bu münasibətlər son dövrlərdə də yüksələn xətt üzrə inkişaf edir. İranla iqtisadi əlaqələr, enerji layihələri, bölgənin əsas iqtisadi inkişafına yönələn layihələr bundan sonra da əminliklə demək olar ki, irəliyə doğru aparılacaqdır. Bu istiqamətdə dövlətlərarası lazım olan bütün mümkün və zəruri addımlar atılacaqdır. İran bölgədə əsas faktorlardan biridir. Azərbaycan da Cənubi Qafqazda əsas söz sahiblərindən biridir. Bu ortaq bağlar, İran və Azərbaycanın birgə layihələri, siyasi, iqtisadi addımları dünyaya bir mesajdır. Bu istiqamətdə bölgədə həm iqtisadi inkişafın, həm də siyasi əlaqələrin daha da dərinləşməsi bölgənin gələcəyi üçün böyük ümidlər yaradır".